Azərbaycanda qadın plastik boru ilə döyüldü — Ərim dedi ki, telefonla danışma...

Azərbaycanda qadın plastik boru ilə döyüldü — Ərim dedi ki, telefonla danışma...
12:30

Xaçmaz rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

News365.az-ın məlumatına görə, hadisə Xaçmaz şəhəri, Dərbənd küçəsində onların kirayə yaşadıqları mənzildə baş verib.

1972-ci il təvəllüdlü Kamran ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı əvvəlcə arvadı Könülə (adlar şərtidir – red.) şillə və yumruqlarla baş nahiyəsinə, daha sonra evdə olan 70-80 sm uzunluğunda plastik boru ilə sol ayaq və sol qol nahiyələrinə zərbələr endirib.

İş üzrə izahat verən Kamran bildirib ki, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Dərbənd küçəsində evdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq dolanır:

“Zərərçəkmiş Könül mənim arvadımdır. Onunla 2018-ci ildə ailə həyatı qurmuşuq, birgə nikahımızdan 3 övladımız dünyaya gəlib”.

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 17 radələrində evdə olduqları zaman ailə-məişət zəminində aralarında mübahisə yaranıb:

“Mübahisə zamanı arvadım Könülün üzərinə gedərək baş nahiyəsinə şillə və yumruqlarla bir neçə zərbə endirdim, onu döydüm. Bundan sonra evdə olan, təxminən 70-80 santimetr uzunluqda plastik borunu götürərək arvadımın bədəninin müxtəlif nahiyələrinə vurmağa başladım. Həmin vaxt Könül sağ tərəfi ilə divara sıxılaraq yerə oturdu və əlləri ilə baş nahiyəsini tutmaqla özünü qorumağa çalışdığından, əsasən boru ilə sol ayaq və sol qol nahiyələrinə zərbələr endirdim. Bundan sonra Könüldən aralanaraq sakitləşdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, arvadı Könül ilə aralarında mübahisə yaşadıqları evin yataq otağında baş verib:

“Aramızda mübahisə təxminən 7-8 dəqiqə davam etdi. Həmin vaxt orada mən və arvadım olmuşuq. Bizim səsimizə oraya gələn şəxs və ya şəxslər olmayıb. Bizim birlikdə yaşayan 3 azyaşlı övladım isə həmin vaxt evin həyətyanı sahəsində olmaqla birlikdə oynayıblar və bizim aramızda olan mübahisəni görməyiblər”.

Kamran bildirib ki, arvadı Könülü döydükdən sonra plastik borunu yaşadığı evin həyətinə atıb:

“Lakin arvadım həmin borunu məhəllədə olan zibil qutularına atdığından, həmin plastik borunu təhqiqat orqanına təqdim edə bilməmişəm. Arvadım özü plastik borunu atması barədə sonradan mənə deyib. Hazırda arvadımla barışmışam”.

İş üzrə zərərçəkmiş Könülün sözlərinə görə, əri Kamran ilə 2018-ci ildə ailə həyatı qurub, birgə nikahlarından 3 övladları olub:

“İlk vaxtlarda Kamranla münasibətlərimiz normal olsa da, son zamanlar mənimlə yola getməyib, səbəbsiz yerə mənimlə mübahisələr edib. Məlum hadisə günü, saat 17 radələrində evdə olduğumuz zaman telefonla qardaşımla danışarkən ərim mənə telefonla danışmamağımı dedi. Ərim mənə yaxınlarımla danışmağa qoymayıb, səbəbsiz yerə mənimlə mübahisə edib. Bu zəmində aramızda mübahisə yarandı. Mübahisə zamanı Kamran üzərimə gələrək şillə və yumruqlarla baş nahiyəmə bir neçə zərbə endirdi. Bundan sonra evdə olan plastik borunu götürdü və bədənimin müxtəlif nahiyələrinə vurmağa başladı. Həmin vaxt sağ tərəfimlə divara sıxılaraq yerə oturdum və əllərimlə baş nahiyəmi tutmaqla özümü qorumağa çalışdım. Kamran boru ilə əsasən sol ayaq və sol qol nahiyələrimə zərbələr endirdi. Kamranın məni vurması nəticəsində bədənimin müxtəlif nahiyələrindən xəsarətlər aldım. Kamran məni döydükdən sonra sakitləşdi”.

Zərərçəkmiş qeyd edib ki, aralarında baş vermiş mübahisə zamanı əri Kamran onu kiçik diametrli plastik boru ilə döyüb: “Kamran məni döydükdən sonra onun yenidən məni həmin boru ilə döyəcəyindən ehtiyat etdim. Buna görə də Kamranın məni döydüyü borunu yaşadığım küçədə zibil qabına atdım. Həmin zibil qabları hər gün boşaldıldığından, plastik boru orada qalmayıb”.
Zərərçəkmiş ifadəsinin sonunda Kamranla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınıb. Hökmə əsasən, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Kamran cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib./// demokrat.az


Sizin reklam burada
Sizin reklam burada