44 günlük Vətən müharibəsində Nicat Şöhrət oğlu Tarıverdiyevin döyüş yolu Murovdağdan başlamşdı. Şəhadətə qovuşanda qələbə müjdəsinə sayılı dəqiqələr qalıbmış
...Udulu kəndinə yaz gəlmişdi. Pirssat çayı sevincindən yatağına sığmırdı. Yastı təpələrin yaxasından kəndə enən yaz mehi elə bil insanların üz-gözündə çiçəkləyirdi. Günəşin qızılı şüaları körpələrin ufacıq barmaqlarının arasından gizlincə yol tapıb onların çöhrəsini daha da işıqlandırır, yanaqlarına qonub gözlərində şirin təbəssümə dönürdü. Balaca Nicat Novruz bayramını bu dəfə də baba ocağında- Hacıqabul ryonunun Udulu kəndində keçirməyi özü arzulamışdı. Evin tək övladı olan Nicatın bu arusunu da valideynləri can-başla yerinə yetirmişdilər. Əslində, bu, ata-anasını qürurlandırmışdı. Onun kiçik yaşlarından baba yurdunu arzulaması, o yerlərə can atması ürəklərincə idi.

Nicat üçün baba yurdu kitablarda oxuduğu nağıllar kimi idi. Boy atıb böyüdükcə bu heyranlıq da onun qəlbində böyüyürdü. Udulu Nicat üçün bu kəndin məşhur nar bağlarının meyvələrində gizlin qalan sirlərlə bitmirdi. Gözdən-könüldən uzaq düşmüş, bəlkə də şəfası qədərincə öyrənilməmiş palçıq vulkanları, sehrli "Uçuq pir", dağın zirvəsində əsrlər keçsə də əzəmətini hələ də qoruyub saxlayan müdafiə məqsədli "Güngörməz qalası"... vardı.
"Güngörməz qalası"na uzaqdan baxdıqca Nicatın qulaqlarına qılıncların cingiltisi, atların kişnərtisi hakim kəsilərdi. Bu səslər onu ucalığa- "Güngörməz qalası"nın zirvəsinə səsləyər, qəlbinə Vətən torpağının müəddəsliyini pıçıldayar, onu göz bəbəyi kimi qorumağı anladardı. Bəzən bu duyğular qeyri-ixtiyari Nicatın dilində misralanardı. Doğmaların çoxu bunun sirrini ailənin görkəmli yazıçı, professor Əzizə Cəfərzadə ilə olan qohumluq bağlarında görürdü. Günlərin birində isə... Nicatı at belində şux, qamətli duruşunu görəndə uduluların fərəhi kökslərinə sığmamışdı. Yerbəyerdən,- "əsl igiddir"- demişdilər.

Nicat bu qürur hissini ana babasının kəndinə də yaşatmışdı. Şamaxı rayonunun Dədəgünəş kəndi yeniyetməliyindən onun necə böyük ürəyə sahib olduğunu görmüşdü. Xeyirxah qəlbli idi. Böyüklərin hörmətini saxlayırdı. Bacardığı köməyi əsirgəməzdi. Soylarının gedib çıxdığı Dədəgünəşin türbəsini ziyarət edər, diləklərini ürəyində söylərdi. Dədəgünəşə, bir də Uduluya bulaq çəkməyi çox arzulayardı.

Onun bu arusunu şəhdətindən sonra valideynləri, doğmaları yerinə yetirdilər."Nicat bulağı" hər iki kənddə çağladı, gələn insanların qəlbinə su səpdi.
Nicat Şöhrət oğlu Tarıverdiyev 1998-ci il noybrın 17-də Bakı şəhərində anadan olub. 132–134 nömrəli Təhsil Kompleksində tam orta təhsil alıb. Azərbaycan Kooperasiya Universitetində ali təhsilini tamamlayıb. Dövlət qulluqçusu olmaq ən böyük arusu idi.
Nicat istər orta, istərsə ali məktəbdə yoldaşlarının, müəllimlərinin dərin hörmətini qazandı. O, hər kəsin sevimlisi idi. Həyatsevər idi. Onu yaxından tanıyanlar Nicatın təmkinli, ünsiyyətcil, dürüst olması ilə fəxr edirdilər. Onun hələ kiçik yaşlarından özünə çoxlu dost qazanması da bu səbəbdən idi. O, bir işıq idi,- dövrəsinə yığılanların qəlbi aydınlanırdı. Yalanı sevməzdi. Kimdənsə incik düşəndə, büruzə verməzdi. Həmin vaxtdan da ondan uzaq durardı. Anası Şükran xanım deyir ki, belə vaxtlarda Nicat çox zaman otağına çəkilib bədii ədəbiyyatlara göz gəzdirərdi. Hərdən səsini eşidərdim- hansısa qəzəli oxuyur. Bəzən də hansısa şeiri telefonunda çox diqqətlə dinləyərdi. Amma bu neçə ildə yaxın dostları ilə, qohumlarla aralarında hansısa bir inciklik yaşandığını görmədim.
Nicat fiziki cəhətdən güclü idi. Amma ən böyük gücü yaşıdları arasında yarana biləcək mübahisənin qarşısını almaq, onlar arasında dostluq yaratmaq idi. Barış tərəfdarı idi. Dostları ilə hansısa oyun oynayanda onlara tez-tez dediyi sevimli sözü vardı: "Oyunda uduzsanız da çalışın həyatda uduzmayasınız".

İçində hər zaman qalib olmaq eşqi vardı

İdmanı çox sevirdi. Üzgüçülük, basketbol, şahmat və başqa növlərlə məşğul olmuşdu. Yarışlarda hər zaman birinci olmaq istəyirdi. 11-16 yaşına kimi qaydasız döyüşdə qüvvəsini sınamışdı. Respublika və beynəlxalq yarışlarda mükafatçılar sırasına çıxmışdı. Bayrağımızı yüksəldəndə özü də onunla bərabər ucalmışdı. Elə o vaxtlardan da Bayraq, Vətən sevgisini qəlbində yüksəkdə tutdu, ucalıqdan enməyə qoymadı.
2020-ci il iyulun 23-də hərbi xidmətə yola düşdü. Dostları onun yoluna Bayrağımızın üçrəngli, ay-ulduzlu işığını tutdular

Bu yol uzun səfərə bənzəyirdi. Qayıtmağa cığır-iz görünmürdü. Deyəsən, elə Nicatın özünün də ürəyinə dammışdı. Yoxsa yola çıxacaqları son anda gözləri anasını belə ciddi-cəhdlə axtarmazdı. Şükran xanım yeganə övladının onu görməsi üçün nə qədər çalışsa da faydası olmamışdı. Bu görüşün sonuncu olacağını ağlının ucundan belə keçirməmişdi. Nə qədər çətin olsa da ümidlərinə bürünüb evə dönmüşdü. Bir yerdə qərar tuta bilməmişdi. Nicatının üzündən heç zaman əskik olmayan təbəssümünü gözləri önündən "asandan" sonra bir qədər sakitləşmişdi. Özünə təsəlli vermişdi,- bir il bir ömür deyil ki...- demişdi. Şükran xanım xəyallarında Nicatının hərbi xidmətdən tərxis olunub geri döndüyü günü canlandırmışdı. O, çox sevdiyi təzə geyimdə, dostlarının, qohumlarının əhatəsində idi. Bilirdi ki, Nicat onları bir yerə yığanda özünü çox xoşbəxt hiss edir. Bayramlarda, ad günlərdə hamını başına toplamaqdan xüsusi ləzzət alardı.
Valideynlərinə çox bağlı idi. Amma bunu büruzə verməzdi. Anasından çox nigaran idi. Əsgərlikdə olanda hər gün danışmağa çalışar, anasını ümidləndirər, darıxmağa qoymazdı.
Müharibənin ilk günündən döyüşlərə atılıb Nicat Şöhrət oğlu Tarıverdiyev. Amma bunu valideynlərindən, doğmalarından gizlədib, onlara döyüşlərdə olmadığını deyib. Bu, Nicatın ilk və son yalanı olub.

Döyüş yolu Murovdağdan başlayıb. Valideynləri beş gün Nicatdan xəbərsiz qalıblar. Və növbəti gün Nicatın telefon zəngi hamının qəlbinə rahatlıq çiləyib. O vaxtdan telefon əlaqəsini kəsməyib, imkan tapdıqca Şükran ananı, qohumlarını, dostlarını darıxmağa qoymayıb.

Zaman keçdikcə döyüş meydanında böyük cəsarət, şücaət göstərən Vətənin igid oğulları bizi Qələbəyə yaxınlaşdırırdı. O anlar həm də qəhrəmanlarımızın taleyinə öz möhürünü vururdu. Tarıverdiyevlər ailəsi həmin vaxtlar Nicatın müharibənin od-alovu içində olduğundan, erməni işğalçılarına qarşı apardığı ölüm-dirim mübarizəsindən xəbərsiz idi. Döyüş yoldaşları sonralar danışırdılr ki, Nicat baş tuşlayıcı idi. O, qorxu nədi, bilməzdi. Ölümün gözünə dik baxardı.
Döyüş yoldaşları sonralar bir də deyirmişlər ki, hər fürsət tapanda Nicat anasına zəng vurub səsini eşitməyə can atırdı. Noyabrın 8-də bibisioğluna son sözləri bu olub ki, hər şey yaxşı olacaq. Heç bir qorxusu yoxdu, darıxma. Nicatın bu sözləri sonralar musiqiçi dostlarının mahnılarına başlanğıc oldu, ürəklərdə ümid göyərtdi.

Anası hər dəfə Nicatla danışanda işğal altındakı şəhər və rayonlarımızın azad olunması xəbərini böyük sevinc və qürur hissi ilə telefonda ona çatdırarmış. Qəhrəman döyüşçümüz anasının ondan nigarançılığını büsbütün yox etmək üçün özünü o yerə qoymaz, təəccüblə soruşarmış- doğrudan, ana? Anası hardan biləydi ki, illərlə yağı tapdağında qalan torpaqlarımızın azadlığı savaşında iştirak edən igidlərin cərgəsində onun yeganə övladı- aslan oğlu Nicat da var. Bilmirdi ki, həmin vaxtlar o, Suqovuşanda iki ağır döyüş əməliyyatından çıxmışdı. İki dəfə döyüşçü dostları ilə düşmən mühasirəsini yarıb keçmişdilər.

Şükran xanım: "O, Vətəni məndən çox istəyirmiş"
...İstənilən təsəlli yeganə övladın yoxluğunu yaşayan ananın, atanın qolundan tutmaqda gücsüzdür. Şükran xanımla, Şöhrət müəllimlə söhbətimizdə aralığa sükut çökür. Saniyələr ağır yük kimi ürəyimdən asılır. Ana daha güclü çıxır: "Şəhid olanda müxtəlif yaşda o qədər insan gəldi ki... Çoxlarını birinci dəfə idi görürdüm. Hər biri Nicat haqqında elə xoş, ürəkdən gələn elə səmimi sözlər deyirdilər ki... Qürur duydum. Başucalığımdı Nicatım. Xatirəsi hamımızın qəlbindədi. Gözümüzdə-könlümüzdədir".
Şöhrət müəllim: "Dostaları tez-tez baş çəkirlər. Heç tanımadıqlarımız gəlirlər. Nicatın otağını onun ev muzeyi etmişik. Ən yaxın dostlarına hansısa əşyasını hədiyyə vermişik. Onlar həmin hədiyyələri evlərində yadigar saxlayırlar. Düşünürəm ki, Nicat həm də dostları ilə bir yerdədir. O, tək deyil, Vətənin oğulları, qızları Nicatın qardaş-bacılarıdır".
Saatı çox sevərdi Nicat
Vaxt onun üçün çox dəyərli idi. Hər dəqiqənin, hər saniyənin qədrini bilərdi. Təəsüflər olsun ki, insan övladı ən qiymətli vaxtı nə zaman yaşadığından xəbərsiz olur. Nicat Şöhrət oğlu Tarıverdiyevin qismətində bilinən, zamana meydan oxuyan bir tarix var, -təqvim 2020-ci il noyabrın 9-unu göstərir. Göstərsin. Şəhidlər vaxtdan çox-çox ucadadırlar.