ABŞ-ın Şimali Koreya ilə bağlı siyasətində müşahidə olunan son yanaşma Vaşinqtonun həm İran, həm də Çinlə bağlı strategiyası fonunda diqqət çəkir. Politoloq Əli Mustafanın sözlərinə görə, ABŞ administrasiyasının bu mövqeyi təsadüfi deyil və daha geniş siyasi hesablamaların nəticəsidir.
Politoloq Əli Mustafa bunu News365.az-a açıqlamasında deyib.

“Amerikalıların hazırkı strategiyası bir qədər uğursuzluğa uğraya bilər. Tramp İran savaşı ilə demək olar ki, çox ciddi bir reallıqla üz-üzə qaldı. Məlum oldu ki, onun problemi yalnız Rusiya, İran, Çin və Şimali Koreya deyil. Hətta öz müttəfiqləri, o cümlədən Avropadakı tərəfdaşları belə bəzi məsələlərdə ABŞ-ın həyata keçirmək istədiyi siyasətlə tam razılaşmırlar”, – deyə Əli Mustafa bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Cənubi Koreya ilə bağlı yanaşması da Vaşinqtonun regional siyasətində müəyyən dəyişikliklərin olduğunu göstərir.
“Bütün bunların hamısı Amerika dövlətinin siyasətinə ciddi təsir edir. Mən düşünmürəm ki, Tramp həmin açıqlamanı birdən-birə və düşünülməmiş şəkildə verib. Bu, Amerika administrasiyasının siyasi qərarıdır və burada bir neçə məqam var”, – politoloq vurğulayıb.
Əli Mustafanın fikrincə, Vaşinqton Şimali Koreyanın ABŞ-ın tələblərinə əvvəlki kimi əməl etmədiyini nəzərə alaraq, bu ölkəyə münasibətdə yanaşmasını dəyişir.
“Əvvəla, Şimali Koreya o qədər də Amerikanın sözünə baxmır. Ona görə də Amerika düşünür ki, mən niyə burada bu qədər himayə edim? Qoy Şimali Koreya öz problemləri ilə özü məşğul olsun”, – deyə o qeyd edib.
Politoloq hesab edir ki, məsələ yalnız Şimali Koreya ilə bağlı deyil və burada əsas hədəflərdən biri də Çindir.
“İkinci məsələ budur ki, bu təlimlər yalnız Şimali Koreya ilə bağlı deyil, Çinlə də əlaqəlidir. Görünür, Tramp həm də Çini qarşısına almaq istəmir. İran problemi var və onun həlli üçün diplomatik danışıqlar, iki aylıq atəşkəs, dəhlizlər, Hörmüz boğazı ilə bağlı müəyyən ciddi razılaşmalar və digər məsələlər gündəmdədir. Bütün bunların hamısı hələ bir yerə gedə bilər”, – Əli Mustafa bildirib.
Onun sözlərinə görə, ABŞ İran məsələsində yenidən diplomatik prosesə qayıtmalı olduğu halda, Çinlə eyni vaxtda ciddi qarşıdurmaya getmək istəmir.
“Amerika məsələyə qayıtdıqda Çinlə yenidən toqquşmaq istəmir. Odur ki, məncə, bu, bir jestdir. Daha doğrusu, bu, siyasi qərardır, hesablanmış və düşünülmüş bir addımdır”, – politoloq deyib.
Əli Mustafa hesab edir ki, açıqlamanın son anda verilməsi də müəyyən siyasi mesaj daşıyır.
“Sadəcə olaraq, son anda bu açıqlamanın verilməsi nədir? Təlimi keçirirlər, amma eyni zamanda siqnal verirlər ki, narahat olmayın, siz bizim hədəfimizdə deyilsiniz. Güclü vurğu burada daha çox Şimali Koreyaya edilir, amma mən əminəm ki, söhbət yalnız Şimali Koreyadan getmir, burada Çin də var”, – deyə politoloq əlavə edib.