Yeni tədris ilinin yaxınlaşması ilə məktəb ləvazimatları bazarında canlanma pik həddə çatır. Alıcı axınının artması isə öz növbəsində qiymət artımını və ya mövsümi endirimlərin kəskin azalmasını şərtləndirir. Məktəbli formalarının 2026–2027-ci tədris ili üçün qiymətləri artıq bəlli olsa da, çanta və kancelyariya mallarındakı ümumi bahalaşma valideynləri düşünməyə məcbur edir.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News365.az-a bildirib ki, tələbatın pik həddə olduğu dövrlərdə satıcılar endirim və ya güzəştli kampaniyalar keçirməyə ehtiyac duymurlar:

"Tələbatın aşağı olduğu vaxtlarda alıcı cəlb etmək üçün güzəştlər olunur. Lakin tədris ilinin ərəfəsində eyni anda hər kəsin çanta, dəftər, qələm və forma almağa qaçması qiymətlərin yuxarı qalxmasına səbəb olur. Hər bir xırda ləvazimat tək-tək ucuz görünə bilər, lakin onların ümumi cəmi ailə büdcəsinə ciddi zərbə vurur."
İqtisadçı vurğulayıb ki, builki qiymətlər keçən ildən cüzi fərqlənsə də, bu yük xüsusilə gəliri məhdud olan ailələrin çiyinlərinə düşür:
"Gəliri az olan ailələr üçün məktəbə hazırlıq xərcləri aylıq büdcənin böyük bir hissəsini aparır. Bu da gündəlik digər vacib ehtiyacların, qida və yaşayış xərclərinin ixtisar olunması riskini yaradır."