Rusiya bu ölkəni vura bilər

Rusiya bu ölkəni vura bilər
15:54

Rusiyanın Avropaya qarşı hərbi təzyiqi daha təhlükəli mərhələyə keçə bilər. ABŞ-nin keçmiş müdafiə naziri və CIA-nın sabiq direktoru Leon Panetta Moskvanın hətta Almaniya ərazisində hərbi əməliyyata əl ata biləcəyini istisna etməyib.

News365.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Panetta son dövrlərdə Avropada baş verən bir sıra hadisələri Rusiyanın NATO ölkələrinin müdafiə qabiliyyətini sistemli şəkildə sınaqdan keçirməsinin əlamətləri kimi qiymətləndirib.

O, Leypsiq hava limanında pilotsuz uçuş aparatının görünməsini, Polşaya Rusiya raketinin düşməsini, Rumıniyada dronun qəzaya uğramasını və Baltikyanı ölkələrin hava məkanının dəfələrlə pozulmasını bu baxımdan narahatedici siqnallar adlandırıb.

Panettanın fikrincə, Moskvanın əsas məqsədlərindən biri Qərbin kollektiv müdafiə öhdəliklərinə həqiqətən əməl edib-etməyəcəyini yoxlamaqdır. Keçmiş CIA direktoru hesab edir ki, Rusiyaya Avropa dövlətlərinə qarşı hərbi fəaliyyətin qəbuledilməz olduğu birmənalı şəkildə göstərilməlidir.

Panetta Vladimir Putinin daha aqressiv davranışının iki mümkün səbəbini göstərib. Birincisi, onun fikrincə, Kreml rəhbərinin Ukrayna müharibəsi səbəbindən böyük təzyiq altında olmasıdır. İkinci amil isə ABŞ prezidenti Donald Trampla Avropadakı NATO müttəfiqləri arasında yaranan gərginlikdir. Panetta hesab edir ki, Qərb daxilindəki fikir ayrılıqları Moskvanı diqqəti yayındırmaq üçün yeni qarşıdurma istiqamətləri axtarmağa təşviq edə bilər.

“Putin zəifliyə reaksiya verir. NATO və ABŞ-da zəiflik hiss etsə, təxribatları və zərbələri davam etdirəcək”, – deyə Panetta xəbərdarlıq edib.

ABŞ-ın keçmiş müdafiə naziri Vaşinqtonun Ukrayna siyasətini də tənqid edib və Trampın bu məsələdə “ikili mövqe” nümayiş etdirdiyini bildirib.

Panettanın sözlərinə görə, ABŞ hazırda Ukraynanı silah, hava hücumundan müdafiə sistemləri və digər zəruri vasitələrlə təmin etmək üçün mümkün olan hər şeyi etməlidir. O, silah çatışmazlığının Qərbin imkanlarını məhdudlaşdırdığını da vurğulayıb.

Keçmiş CIA rəhbərinin sözlərinə görə, mövcud vəziyyətdə NATO və ABŞ bəzi hallarda hadisələri “yalnız dayanıb izləmək” məcburiyyətində qalır.


Sizin reklam burada
Sizin reklam burada