"Əlliyə yaxın qadın Azərbaycanın diaspor fəaliyyəti və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması uğrunda mübarizədə mühüm rol oynayıblar. Bu qadınlar sadəcə diaspor fəalları deyil, eyni zamanda nüfuzlu ali məktəblərdə təhsil almış, Kanadada, Amerikada, Avropada, o cümlədən Niderland və Belçikada akademik biliklərə yiyələnmiş, beynəlxalq aləmdə tanınan simalardır. Onların əksəriyyəti Qarabağ əsillidir və məhz doğulduqları torpaqlara bağlılıqları onların mübarizəsini daha da gücləndirir."
Millət vəkili Məlahət İbrahimqızı bu sözləri News365.az-a açıqlamasında deyib. O əlavə edib ki, bu çərçivədə təşkil olunan beynəlxalq konfrans 12 ölkədən təxminən 50 tanınmış xanımın iştirakı ilə keçirilib:
"Bu qadınlar müxtəlif ölkələrdə Azərbaycan həqiqətlərinin yayılması və Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal rol oynayırlar.
Konfransın əhəmiyyətli tərəflərindən biri də ICESCO təşkilatının qatılması və təşkilatın və humanitar elmlər üzrə departamentinin rəhbəri Ramata Almamin təqdimatla çıxış etməsi olub. Proqram əvvəlcədən beynəlxalq konfransın konsepsiyasına uyğun şəkildə hazırlanıb və tədbirdə “Qaçqınlıq və Qadın: Qarabağ və Qərbi Azərbaycan (1980-1991)” mövzusu ətrafında geniş müzakirələr aparılıb.
Konfransda Kanadadan gələn tanınmış fəal Dalin Həsanova da iştirak edib. O, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində müxtəlif filmlər çəkib və Azərbaycan mədəniyyətinin tanıdılması üçün əhəmiyyətli fəaliyyətlər həyata keçirib. Həmçinin, Niderlandda fəaliyyət göstərən Avropa Azərbaycanlı Qadınlar Təşkilatının sədri Maysa Ağamirova da çıxış edərək, Avropada qadın fəalların Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəmə daşınması istiqamətində gördüyü işlərdən danışıb".
Millət vəkili Konfransın mart ayında keçirilməsi təsadüfi olmadığını da qeyd edib:
"Mart ayı beynəlxalq səviyyədə qadın haqlarının müzakirə edildiyi bir dövrdür. BMT və digər beynəlxalq təşkilatların bu ay ərzində qadınların hüquqları ilə bağlı xüsusi sessiyalar keçirməsi nəzərə alınaraq, konfransın nəticələrinin daha geniş əks-səda doğurması məqsədilə məhz bu tarix seçilib.
Konfransın nəticəsi olaraq, BMT başda olmaqla beynəlxalq təşkilatlara müraciət qəbul edilib. Həmçinin, konfrans iştirakçıları yaşadıqları ölkələrin birinci xanımlarına da müraciət ünvanlamaq təşəbbüsünü irəli sürüblər. Bu addım Qərbi Azərbaycan məsələsinin beynəlxalq səviyyədə daha geniş müzakirəyə çıxarılmasına töhfə verəcək.
Azərbaycan xalqı Qarabağ və Qərbi Azərbaycan məsələsində birlik nümayiş etdirərək, öz haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bütün imkanlardan istifadə etməlidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq leksikona daxil olub və bu istiqamətdə görülən işlər davam etdirilməlidir."