İstanbulda fəaliyyət göstərən və Avropa ölkələrinin vətəndaşlarını hədəfə alan beynəlxalq dələduzluq şəbəkəsi polis əməliyyatı nəticəsində zərərsizləşdirilib.
News365.az xəbər verir ki, şəbəkənin süni intellekt dəstəyi ilə işləyən çağrı mərkəzi vasitəsilə özlərini polis, prokuror və bank əməkdaşı kimi təqdim edərək yüzlərlə şəxsi aldatdığı müəyyən edilib.
İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilən əməliyyat Çexiya hüquq-mühafizə orqanlarının müraciətindən sonra başlanıb. Çexiya İnterpolu öz vətəndaşlarının Türkiyədən edilən telefon zəngləri vasitəsilə aldadılması barədə məlumat verdikdən sonra İstanbul Polis İdarəsinin Kiber Cinayətkarlıqla Mübarizə Şöbəsi araşdırmalara başlayıb.
Aparılan texniki və fiziki müşahidələr nəticəsində şəbəkənin İstanbulun Maslak səmtində yerləşən biznes mərkəzində fəaliyyət göstərən çağrı mərkəzindən idarə olunduğu müəyyən edilib. Mərkəzin vasitəçi şirkətlər üzərindən icarəyə götürüldüyü və burada onlarla xarici ölkə vətəndaşının çalışdığı aşkarlanıb.
Əməliyyat zamanı 39-u kişi, 15-i qadın olmaqla ümumilikdə 54 nəfər saxlanılıb. Onların 22-si Rumıniya, 17-si Moldova, 5-i Çexiya, 3-ü Slovakiya, 3-ü Ukrayna, 1-i İtaliya, 1-i Azərbaycan, 1-i Türkiyə və 1-i Rusiya vətəndaşıdır.
İstintaq zamanı şəbəkənin hər ölkə üçün ayrıca otaq təşkil etdiyi, həmin ölkələrin dillərini bilən şəxsləri burada işlədərək vətəndaşlara zəng etdikləri müəyyən olunub. Dəstə üzvləri özlərini polis, prokuror və ya bank əməkdaşı kimi təqdim edərək müxtəlif bəhanələrlə insanlardan pul tələb ediblər.
Məlumata görə, cinayətkar qrupun rəhbərlərinin Azərbaycan vətəndaşları Kamil R. və Amina E. olduğu iddia edilir. Onlardan birinin saxlanılan şəxslər arasında olduğu bildirilib.
İstintaq materiallarında qeyd olunur ki, əldə edilən vəsaitlər xarici bank hesablarına köçürülüb, daha sonra isə kriptovalyuta əməliyyatları vasitəsilə izləri itirilib.
Çexiya mediasının məlumatına görə, təkcə 2026-cı ilin ilk altı ayında bu üsulla 340 nəfər dələduzluğun qurbanı olub. Ötən il isə yüzlərlə oxşar fakt qeydə alınıb. Hüquq-mühafizə orqanları beynəlxalq şəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir.