Dənizlə qayanın min illik sevgisinə kimlər beton tökür? – VIDEO

Dənizlə qayanın min illik sevgisinə kimlər beton tökür? – VIDEO
17:40

Xəzər dənizinin mirvarisi, onlarla yerli filmin unudulmaz çəkiliş meydançası olan Buzovna qayalıqları bu gün kinematoqrafiyanın deyil, təəssüf ki, absurd bir mənzərənin baş qəhrəmanına çevrilib. Əraziyə "Xüsusi Mühafizə Olunan Dövlət Təbiət Abidəsi" statusu verilsə də, reallıqda qayalıqlar beton axınının içində boğulur. Vaxtilə kinosevərlərin film çəkilişlərinə şahidlik etdiyi bu tarixi məkanın sükutunu indi ağır tikinti texnikalarının səsi pozur.

News365.az Space tv-yə istinadən xəbər verir ki, yerli sakinlərin uzunmüddətli mübarizəsi, toplanan minlərlə imza və dövlət başçısının qətiyyətli tapşırıqlarından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2024-cü il 2 may tarixli sərəncamı ilə əraziyə xüsusi status verilib. Lakin gözlənilən "xoşbəxt sonluq" baş tutmayıb. 1,5 kilometrlik tarixi sahil xəttindən cəmi 100 metri təmizlənsə də, qalan 5 qanunsuz tikili qayalara bitişik şəkildə qalmaqda davam edir.

Buzovna sakini Seyfulla Azər mövcud vəziyyətlə bağlı narahatlığını belə ifadə edir:

"2022-ci ildə cənab Prezidentin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti Buzovna qayalığı üzərindəki qanunsuz tikililərin sökülməsi barədə qərar qəbul etdi. İşlər 10 günə yaxın icra olundu, lakin sonradan ayseçkilik edildi və qərar yarımçıq qaldı. Milli sərvətimiz barbarlıqdan eziyyət çəkir, qanunsuz tikililərin 'məhbəsi'ndə qalmaqda davam edir. 3-4 qanunsuz tikiliyə görə qoruğun tam təşkilini 2 ildən çox uzatmaq nə dərəcədə doğrudur? Biz öz sərvətimizə sahip çıxmaqdansa, onu bir neçə qanunsuz mülkə qurban veririk"

Əməkdar artist Hacı Mirzə Ağabəyli də ərazidəki özbaşınalıqdan gileylənir. Onun sözlərinə görə, bəzi şəxslər və məmurlar sahil zolağını zəbt edərək şəxsi mülklərinə çeviriblər:

"Bura “ləpədöyən” deyirlər – dənizlə qayaların, torpağın qovuşduğu yer. İndi isə o qayalardan əsər-əlamət qalmayıb. Daşları xüsusi texnikalarla söküb yerinə beton töküblər. Tikintini dayandırmaq əvəzinə daha da artırdılar; dənizin içində körpülər salındı, şəxsi obyektlər və mülklər tikildi. Sakinlər tərəfindən Buzovna qəsəbə nümayəndəliyinə və aidiyyəti qurumlara müraciətlər olunsa da, heç kim səsini çıxarmır, məsələyə baxmır".

Qoruq elan edildikdən sonra da ərazidə qanunsuz tikinti və bərpa işləri dayanmayıb. İşbazlar təbiətin milyon illər ərzində formalaşdırdığı sənət əsərini bir neçə ayın içində məhv edərək dənizin içinə doğru şəxsi eyvanlar və körpülər uzadıblar.

Sakinlərin çoxsaylı şikayətlərinə və həyəcan təbilinə baxmayaraq, məsələyə cavabdeh olan Xəzər Rayon İcra Hakimiyyəti sükutunu qoruyur. Qurumdan mövzu ilə bağlı möqey öyrənmək üçün edilən zənglər və ünvanlanan suallar cavabsız qalıb.

Xalqın və dövlətin ortaq sərvəti olan Buzovna qayalıqlarının məmur özbaşınalığından və betonlaşmadan nə vaxt xilas ediləcəyi isə hələ də sual altında qalır.


Sizin reklam burada
Sizin reklam burada