Paşinyanın “konstitusiya oyunu”: “Mən olmasam, daha pisləri olacaq”

Paşinyanın “konstitusiya oyunu”: “Mən olmasam, daha pisləri olacaq”
10:42

Ermənistanda parlament seçkilərindən sonra formalaşan siyasi mənzərə və sülh prosesinin gələcək perspektivləri ilə bağlı müzakirələr davam edir. Siyasi şərhçi Əli Zülfüqaroğlu hesab edir ki, Nikol Paşinyan konstitusiya dəyişikliyi məsələsində müxtəlif bəhanələrlə konkret addımlar atmaqdan yayınmağa çalışır.

Politoloq Əli Zülfüqaroğlu News365.az-a açıqlamasında bildirib:


“Paşinyan daxildə revanşistlərin təzyiqi ilə üzləşəcəyi bəhanəsi ilə konstitusiya dəyişikliyindən yayınmağa hesablanmış oyun oynamağa çalışır.

Ermənistanın yeni parlament tərkibinə və sülh prosesi ilə bağlı mövcud vəziyyətə nəzər saldıqda görürük ki, son seçkilərin nəticəsində müxalifətin mövqeləri güclənsə də, həlledici çoxluq yenə də hakim partiyaya məxsusdur. Ona görə də siyasi qərarların verilməsi üçün hökumətin kifayət qədər imkanları var.

Paşinyan sülhə sadiq qaldığını və Azərbaycanın tələblərini yerinə yetirəcəyini rəsmən bəyan edib. Sülh prosesi ilə bağlı bir sıra istiqamətlərdə irəliləyişlər əldə olunub. Amma yekun sülh sazişi üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması tələbi ilə İrəvan konkret addımlar atmayıb.

Ermənistanda baş tutan son parlament seçkilərində hökumətin konstitusion çoxluq əldə edə bilməməsi də, hesab edirəm ki, şübhəli məqamdır. Hər kəsə bəllidir ki, Ermənistanda ideal seçki keçirilməyib. Bu baxımdan son seçkinin nəticələri status-kvonun saxlanılması üçün Paşinyan hökumətinin maraqlarına uyğundur.

Görünən odur ki, Paşinyan daxildə revanşistlərin təzyiqi ilə üzləşəcəyi bəhanəsi ilə konstitusiya dəyişikliyindən yayınmağa hesablanmış oyun oynamağa çalışır. Yəni Azərbaycana “mən olmasam, daha pisləri olacaq” görüntüsünü təqdim etməklə, Bakının təzyiqlərindən yayınmağa cəhd edir.

Təbii ki, bu niyyət artıq görünür və ona görə də yaxın perspektivdə Ermənistanın sülh prosesi ilə bağlı real addımlar atması üçün Azərbaycanın təzyiqlərinin artması vacibdir.

Paşinyanın seçki ərəfəsində Rusiyaya səfər etməsi, Putinin hələ seçkiyə bir neçə gün qalmış Paşinyanı Rusiyaya dəvət edəcəyini deməsi Ermənistanın xarici siyasi kursunun konturlarını müəyyən edirdi.

Bu baxımdan sanksiyalar altında olan Rusiya üçün nəfəslik rolunu oynayan Ermənistanda qərbyönümlü siyasətçi kimi tanınan Paşinyanın hakimiyyətdə qalması vacib idi.

İstənilən halda nə hərb, nə də sülh variantı Azərbaycanın maraqlarına cavab vermir və İrəvanın prosesi uzatması sülh prosesinə mənfi təsir edə bilər”, – deyə Əli Zülfüqaroğlu bildirib.


Sizin reklam burada
Sizin reklam burada