İran Prezidenti Məsud Pezeşkian ölkəsinə tətbiq olunan blokada şəraitində regional diplomatiyanın və qonşu ölkələrin, xüsusilə Azərbaycanın rolunu vurğulayıb. O, müharibə dövründə Azərbaycanın Tehrana göstərdiyi dəstəyi və təqdim etdiyi logistik imkanları xüsusi qeyd edib.
Pezeşkian Azərbaycanın müharibə zamanı İrana göstərdiyi yardımdan danışaraq bildirib:
“Azərbaycan bütün yolları, bankımızı bağlamışdı… Telefonla danışdıq, iki saat ərzində yenidən açdı. Bank da açıldı, səfirlik də açıldı, yol da açıldı. Müharibə zamanı bizə kömək etdilər, oradan çoxlu yolları – istər Rusiya ilə, istər öz yolunu açdı, nə lazımdırsa yardım göstərdilər, bizimlə əməkdaşlıq etdilər”.
Prezident İlham Əliyev də öz növbəsində “X” sosial şəbəkə hesabında paylaşım edərək İran Prezidenti Məsud Pezeşkiana Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə təşəkkür edib.
“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”, – deyə dövlət başçısı qeyd edib.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib:
“Heç kəsə sirr deyil ki, iki ölkə arasında münasibətlər problemsiz olmayıb. Xüsusilə son illərdə Bakı ilə Tehran arasında müəyyən fikir ayrılıqları, qarşılıqlı narazılıqlar və siyasi gərginliklər yaşanıb. Daha dəqiq desəm, İran daxilindəki müəyyən dairələr Azərbaycana münasibətdə hər zaman neqativ və qərəzli mövqeyi ilə seçilib. Məhz bu dairələrin Azərbaycanla münasibətləri gərginləşdirən ritorikadan istifadə etməsi, zaman-zaman hədə və qorxu dili ilə danışması Bakı-Tehran əlaqələrinə ciddi zərər vurub.
Buna baxmayaraq, Azərbaycan regional əməkdaşlıq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri əsasında İranla münasibətlərin inkişafında maraqlı olduğunu dəfələrlə nümayiş etdirib.
Pezeşkianın Azərbaycanın İrana göstərdiyi dəstəyi açıq şəkildə etiraf etməsi bu mənada müsbət haldır. İran Prezidentinin sözlərindən görünür ki, Azərbaycanın atdığı addımlar Tehran üçün yalnız siyasi jest olmayıb. İran Prezidenti Azərbaycanın çətin günlərdə Tehranın yanında olduğunu açıq şəkildə etiraf etməklə həm real vəziyyəti ifadə edib, həm də münasibətlərdə qarşılıqlı etimadın bərpası üçün siyasi iradə nümayiş etdirib.
Əslində, iki ölkə arasında münasibətlərin gələcəyi baxımından məhz belə yanaşmalar daha böyük əhəmiyyət daşıyır. Azərbaycan və İran coğrafi baxımdan qonşudur və onların təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi maraqları bir sıra istiqamətlərdə kəsişir. Bu baxımdan münasibətlərin gərginlik üzərindən deyil, qarşılıqlı maraqlar və etimad əsasında qurulması həm Bakı, həm də Tehran üçün daha əlverişli perspektiv yaradır.
Prezident İlham Əliyevin buna müsbət və səmimi cavab verməsi də təsadüfi deyil. İki ölkə rəhbərinin bir-birinə qarşı sərgilədiyi bu mövqe həm dövlətlərarası münasibətlər, həm də şəxsi diplomatik əlaqələr baxımından əhəmiyyətlidir.
İndi əsas məsələ bu qarşılıqlı xoş mesajların konkret addımlarla davam etdirilməsidir. Tehrandakı bəzi dairələr son proseslərdən düzgün nəticə çıxararaq münasibətlərdə yeni səhifə açmağı bacarmalıdırlar”.