İspaniya millisinin dünya çempionatının finalındakı qələbəsindən sonra ölkədə keçirilən bayram tədbirləri faciə və iğtişaşlarla yadda qalıb. Hadisələr nəticəsində iki nəfər ölüb, 80-dən çox insan xəsarət alıb, azı 12 nəfər saxlanılıb.
News365.az EFE agentliyinə istinadən xəbər verir ki, paytaxt Madriddə yeddi nəfər saxlanılıb. Şəhərin təcili tibbi yardım xidmətləri isə ümumilikdə 36 yaralını xəstəxanaya çatdırıb.
Barselonada hüquq-mühafizə orqanları müxtəlif oğurluq faktları ilə əlaqədar üç nəfəri saxlayıb. Təcili tibbi yardım xidmətləri 29 nəfərə yardım göstərib. Onlardan 24-ü yüngül, beşi isə orta ağır xəsarət alıb.
Salamanka vilayətinin Süyudad-Rodriqo şəhərində "Qloryeta-del-Arbol-Qordo" fəvvarəsinin uçması nəticəsində 13 yaşlı yeniyetmə həyatını itirib. Daha bir yeniyetmə ayaq sınığı ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, üçüncü yeniyetməyə isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bundan başqa, Kastiliya-La-Mança muxtar bölgəsinin "112" təcili yardım xidməti Toledo vilayətinin Sonseka şəhərində təxminən 20 yaşlı gəncin öldüyünü açıqlayıb. Bildirilib ki, o, final matçını izləyərkən qıcolma keçirib.
Sesenya şəhərində isə 19 yaşlı gənc bıçaqlı hücuma məruz qalıb. Ağır vəziyyətdə olan yaralı Toledo Universitet Xəstəxanasına çatdırılıb.
Pamplonada, Berriosar qəsəbəsində futbol matçını izləyən hərbçilər qrupuna hücumla bağlı araşdırma aparılır. Hadisə nəticəsində altı nəfər yaralanıb. Onlardan üçü hərbçidir.
Bilbao şəhərində polis final matçının Xalq Partiyası tərəfindən quraşdırılmış nəhəng ekranda yayımlanmasına mane olmağa çalışan 20 maskalı şəxsin kimliyini müəyyən edib. Bundan başqa, Alava bölgəsində İspaniya millisinin formasını geyinmiş şəxsə hücumla bağlı daha üç nəfərin də şəxsiyyəti müəyyənləşdirilib.
Valensiyada isə qələbə qeyd edilərkən polis əməkdaşlarına daş atan və onlara müqavimət göstərən iki nəfər saxlanılıb. Bununla belə, şəhər meriyasının məlumatına görə, ümumilikdə tədbirlər sakit şəraitdə keçib.