Ermənistan Azərbaycan bazarına çıxmaq istəyir – Hansı məhsulları satacaq?

Ermənistan Azərbaycan bazarına çıxmaq istəyir – Hansı məhsulları satacaq?
13:50

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təkcə siyasi və diplomatik müstəvidə deyil, iqtisadi sahədə də yeni imkanlar yaradır. Qarşılıqlı ticarətin genişlənməsi üçün isə məhsul mübadiləsindən əlavə, bank ödənişləri, sığorta və biznesin təhlükəsizliyinə təminat verən mexanizmlərin formalaşdırılması vacibdir.

İqtisadçı Natiq Cəfərli News365.az-a açıqlamasında Azərbaycan və Ermənistan arasında mümkün ticarət əlaqələrinin perspektivlərindən danışıb.

Ekspertin sözlərinə görə, Azərbaycan tərəfinə Ermənistandan ölkəyə ixrac edilə biləcək məhsulların siyahısı təqdim olunub. Siyahıda müxtəlif balıq növləri, kənd təsərrüfatı məhsulları, dəmir və filizlə yanaşı, dağ-mədən sənayesinə aid məhsullar da yer alır.

N.Cəfərli hesab edir ki, iki ölkə arasında ticarətin qurulması sülh prosesinin iqtisadi dayaqlarından birinə çevrilə bilər.

“Ermənistanla münasibətlərin normallaşması və ticarət əlaqələrinin qurulması sülh quruculuğunun tərkib hissəsidir. Qarşılıqlı ticarət nə qədər genişlənərsə, sülh prosesinin də bir o qədər sürətlənməsi mümkündür. Bu, Azərbaycanın maraqlarına da uyğundur”, – deyə iqtisadçı bildirib.

O qeyd edib ki, Ermənistan hazırda əsasən ixracyönümlü məhsullarını Azərbaycan bazarına çıxarmaqda maraqlıdır.

İqtisadçı Azərbaycanla Ermənistan arasındakı mövcud ticarət dövriyyəsinin isə hələlik olduqca aşağı səviyyədə olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın bu ilin ilk 7 ayında Ermənistana ixracı 15,9 milyon dollar təşkil edib. Bu məhsulların əsas hissəsini enerji daşıyıcıları təşkil edib.

Ermənistandan Azərbaycana idxalın isə müqayisə olunmayacaq dərəcədə az olduğunu deyən N.Cəfərli bildirib ki, 7 ay ərzində üçüncü ölkələr vasitəsilə cəmi 900 dollar dəyərində Ermənistan mənşəli məhsul ölkəyə daxil olub.

“Bu rəqəm demək olar ki, heç nədir. Ermənistanın Azərbaycan bazarına məhsul satmaqda maraqlı olması da buradan görünür. Lakin bunun üçün yalnız məhsulların siyahısının müəyyənləşdirilməsi kifayət etmir”, – deyə ekspert bildirib.

N.Cəfərli hesab edir ki, real ticarət əlaqələrinin qurulması üçün tərəflər arasında müqavilələrin bağlanması, banklararası pul köçürmələrinin mümkün olması və sığorta mexanizmlərinin işlək vəziyyətə gətirilməsi vacibdir.

“Biznes özünü təhlükəsiz hiss etməlidir. Sahibkar bilməlidir ki, ödənişləri vaxtında həyata keçirə və vəsaiti problemsiz şəkildə ala biləcək. Hər hansı risk yarandıqda isə sığorta mexanizmi işləməlidir. Bu istiqamətdə hələ görüləsi işlər var”, – deyə iqtisadçı fikrini tamamlayıb.


Sizin reklam burada
Sizin reklam burada