İspaniya hökuməti İsraili bürüyən güclü meşə yanğınları ilə mübarizəyə kömək etmək üçün İsrail hakimiyyətinə iki təyyarə təklif edib. Bu barədə İspaniya Nazirlər Kabinetinin X səhifəsində məlumat verilib.
“İspaniya Qüdsdə baş verən son meşə yanğınları ilə mübarizəyə kömək etmək üçün iki böyük tutumlu təyyarə təklif edir”, - paylaşımda yazılıb.
Hökumət bununla da Avropa Mülki Müdafiə Mexanizmi vasitəsilə göndərilən altı təyyarəyə dair sorğuya cavab verdiklərini vurğulayıb.
Xatırladaq ki, dünən İsrail Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün 13 ölkədən kömək istəmişdi.
Həmin ölkələr arasında Azərbaycan da var idi. İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarları ilə danışıb və onlardan meşə yanğınlarının söndürülməsi üçün havadan dəstək istəyib.
Qeyd edək ki, dünən səhər saatlarında Qüdsün qərbində meşə yanğınları başlayıb.
Tural