İran rəsmisinin açıqlamaları "Xomeynizmə" ziddir

İran rəsmisinin açıqlamaları "Xomeynizmə" ziddir
01 Noy 2024 17:53

İran parlamentinin üzvü Əbülfəz Zöhrəvənd Azərbaycana qarşı əsassız ittihamlar və hədələrlə dolu bir müsahibə verib. İran-İsrail münasibətləri kontekstində çıxış etsə də, Zöhrəvəndin əsas hədəfi Azərbaycan olub. O, ölkəmizi İsrailin İrana qarşı potensial hücumlarında dəstək verməkdə ittiham edib və Azərbaycanın cəzalandırılmasının vacibliyini vurğulayıb.

News365.az-a açıqlama verən millət vəkili Elman Nəsirov hesab edir ki, Zöhrəvəndin açıqlamaları, İran hökumətində Azərbaycanla bağlı məsələlərin hələ də gündəmdə olduğunu və ölkəmizə qarşı təzyiq və təhdidlərin işə salına biləcəyini göstərir. Bu yanaşma isə İranın Azərbaycanla mehriban qonşuluq münasibətlərinə ziddir.

"Azərbaycan isə hər zaman İranla mehriban qonşuluq əlaqələrinin qorunmasına sadiq olub. 18 il əvvəl Azərbaycan Prezidenti Cənab İlham Əliyev, üçüncü ölkələrin Azərbaycan ərazisindən İran əleyhinə istifadə etməsinə qəti şəkildə icazə verməyib. Lakin görünən odur ki, Zöhrəvənd kimi şəxslər və onların arxasındakı dairələr bu tarixi faktı ya unudublar, ya da xatırlamaq istəmirlər.

Bu cür bəyanatlar, İranın dövlət ideologiyası olan Xomeynizmə də ziddir. Xomeynizmin əsas prinsiplərindən biri müsəlmanların bir-birinə dəstək verməsi anlayışıdır. Buna baxmayaraq, bəzi İranlı rəsmilər Azərbaycan əleyhinə çıxışlar etməyə davam edirlər.

Azərbaycan güclü dövlətdir və xalqımız öz lideri ətrafında sıx birləşib. Güclü ordusu, möhkəm iqtisadiyyatı və tarixi Zəfərə imza atan Azərbaycan hər hansı təhdidlərə qarşı qətiyyətlə cavab verə bilər. İranda yaşayan 35 milyondan artıq azərbaycanlı soydaşlarımız da daim Azərbaycan xalqının yanında olub və olmağa davam edirlər.

Ümid edilir ki, Zöhrəvənd və onun kimilər bu həqiqətləri nəzərə alıb, Azərbaycanla bağlı mövqelərinə yenidən baxacaqlar."



Youtube kanalımız

Oxşar xəbərlər