Ermənistanın destruktiv siyasəti: Sülh yolunda əngəllər

Ermənistanın destruktiv siyasəti: Sülh yolunda əngəllər
15 Noy 2024 12:45

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində rəsmi Bakı ardıcıl addımlar atmağa davam etsə də, Ermənistan tərəfinin bu prosesdə maraqlı olmadığı görünür. Bu barədə politoloq İlyas Hüseynov açıqlama verib.


O bildirib ki, "Ermənistan COP29 tədbirinə nümayəndə göndərməməklə ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişikliklərinin təsirləri və digər mühüm məsələlərin müzakirə olunduğu beynəlxalq platformada iştirakdan imtina edib. Bu addım, Ermənistanın özünü destruktiv tərəf kimi təqdim etdiyini göstərir."

Politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın Konstitusiya prosesində dəyişiklik edilməməsi ilə bağlı mövqeyi də revanşist ideologiyalara sadiqliyini sübut edir. Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ittihamlar tamamilə əsassızdır: "Azərbaycan heç bir dövlətə qarşı ərazi iddiası irəli sürmür. Azərbaycan dəfələrlə sülhə, təhlükəsizliyə və sabitliyə sadiq bir dövlət olduğunu təsdiqləyib."

Hüseynov əlavə edib ki, "Ermənistan tərəfinin ziddiyyətli açıqlamaları, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və əsassız iddialarla çıxış etməsi bölgədə gərginliyin artmasına xidmət edir."

Politoloq vurğulayıb ki, Azərbaycanın beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanan tələbləri qəbul edilməlidir: "Azərbaycanın tələbləri həm beynəlxalq hüquqa, həm də ədalət prinsiplərinə uyğundur. Təəssüf ki, Ermənistan tərəfi bu tələbləri qəbul etmək əvəzinə vaxt qazanmağa və əsasız iddialar irəli sürməyə çalışır."

Sonda Hüseynov qeyd edib: "Bu davranış regionda gərginliyin artmasına səbəb olur. Buna uyğun olaraq, Azərbaycan adekvat addımlar atacaq və öz mövqeyini qəti şəkildə ifadə edəcəkdir."


Youtube kanalımız

Oxşar xəbərlər