Ötən il Türkiyə
mətbuatında və hətta siyasi elitasında ən ciddi müzakirə mövzularından biri
efirə yeni çıxan “Kızıl Gonçalar” serialı idi. Türkiyənin dindar təbəqəsi
serialı sərt tənqid edir, liberal təbəqəsi isə alqışlayırdı. Bu mübahisələr
fonunda, baş verənləri qısaca anlamaq üçün serialın bir neçə seriyasına baxdım.
Ssenari iki ziddiyyətli ailənin həyatını əks etdirir: bir tərəfdə dini dəyərlərə
bağlı, qızını zorla evləndirməyə çalışan ata, digər tərəfdə isə qızını bu cür məcburiyyətdən
qurtarmağa çalışan ana.
Yeni mövsümdə
isə İTV-nin efirində "VətəndaşA" serialı yayımlanmağa başladı. Bu əsər
Cəfər Cabbarlının məşhur Almaz pyesinin müasir dövrə uyğunlaşdırılmış
versiyasıdır. Dahi dramaturqun 1920-1930-cu illərdə yazdığı və qaldırdığı
problemlər bu gün də aktual olaraq qalır. Yenə kənd yerlərində qızlar və
oğlanlar təhsildən yayındırılır, yenə kəndin hacıları beş vaxt namaz qılsa da,
kənd camaatının əməyini istismar etməkdən çəkinmir.
Bu il Cəfər
Cabbarlının vəfatının 90 illiyidir. Lakin 90 il keçsə də, nəinki onun, eləcə də
Cəlil Məmmədquluzadənin qaldırdığı problemlər bu gün də aktualdır.
90 il keçib,
amma nə dəyişib?
Sadəcə
olaraq, qılınc yerinə smartfon, at arabası yerinə avtomobil gəlib. Bu gün İTV-yə
xəbərdarlıq edilib. Qanun və qaydaların üstünlüyünü anlayıram. Lakin həm də
başa düşürəm ki, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmədən, onları
göstərmədən, habelə tabu hesab edilən məsələlərdən qaçmaqla biz yalnız cəmiyyətin
inkişafına mane olan divarları daha da ucaldırıq.
Divar
dediyim də bir az fərqlidir – adam hiss edir ki, biz o divarları sadəcə
saxlamırıq, boyayıb, hətta bəzəyirik.Qarşısınada mühafizə dəstəsi qoyuruq.
Halbuki o
divarları sökmək, tabuları müzakirəyə çıxarmaq, problemləri göstərmək lazımdır.
Cəmiyyətin problemlərini müzakirə etmək zülmət içində bir işıq yandırmaq
kimidir. Amma biz işığa deyil, divara doğru gedirik.
İnkişaf və tərəqqiyə əngəl olan bu divarları birlikdə sökməliyik.
Aqil Məmmədov, ekspert