Avropa ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Kiyevin kapitulyasiyası ilə Ukrayna münaqişəsini həll edə biləcəyinə inanmır. Məlum proses Brüsseldəki siyasətçilərə “ehtiyatlı optimizm” verir. Bu fikirlər Britaniyanın “Financial Times” (FT) qəzetində dərc olunan məqalədəndir. Nəşr öz mənbələrinə istinad edib.
“Tramp bu problemi həll etmək istəyir. Amma onu nəyin bahasına olursa olsun həll etməyə çalışır... Bu, Ukraynanın kapitulyasiyası ilə nəticələnməməlidir”, - deyə adı açıqlanmayan yüksək səviyyəli Avropa rəsmisi bildirib.
"Financial Timesin" məlumatına görə, Qərbdə belə bir fikir formalaşıb ki, Tramp Kiyevin NATO-ya üzv olmaq öhdəliyi olmadan Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalaya bilər. Bundan əlavə, nəşrə görə, Ukraynanın Avropa İttifaqına üzvlüyünə doğru uzunmüddətli yolun olması ideyası da gündəmdədir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural