Bakıda ilk səfərini gerçəkləşdirən Çinli mütəxəssis Şuai Xu, Azərbaycan haqqında ilk təəssüratlarını News365.az saytına bölüşüb. Şuai Xu ölkəmizin zəngin mədəniyyəti, qonaqpərvər insanları və sürətlə inkişaf edən şəhər infrastrukturu ilə onu heyran etdiyini bildirib. O, həmçinin qeyd edib ki, Azərbaycanın strateji mövqeyi və innovasiyalara açıq olması onu Çinli iş adamları və mütəxəssisləri üçün cazibədar bir məkana çevirir.
Çinli mütəxəssis əlavə edib ki, ölkəsindəki qabaqcıl texnoloji şirkətlərin Azərbaycanda rəsmi nümayəndəliklərinin açılması üçün müzakirələr aparılacaq. Şuai Xu, Azərbaycanla Çin arasında iqtisadi və texnoloji əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar sahəsində Azərbaycanın geniş potensiala sahib olduğunu qeyd edib.
Bu səfərin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradacağını bildirən Şuai Xu, Azərbaycana yenidən səfər etməyi planlaşdırdığını da açıqlayıb. Onun sözlərinə görə, Bakı yalnız işgüzar münasibətlər üçün deyil, həm də mədəniyyətlərarası dialoq üçün böyük bir platformadır.