Noyabrın 21-i Ümumdünya Salam Günüdür- Gündə eyni adamla neçə dəfə salamlaşmalıyıq?

Noyabrın 21-i Ümumdünya Salam Günüdür- Gündə eyni adamla neçə dəfə salamlaşmalıyıq?
21 Noy 2024 15:10

Artıq uzun illərdir ki, noyabrın 21-i hər il Ümumdünya Salam Günü kimi qeyd olunur. Bu günü Maykl və Brayn Makkomak qardaşları müharibənin qızğın vaxtında beynəlxalq gərginliyin artmasına qarşı etiraz əlaməti olaraq fikirləşiblər. Onlar səmimi salamlarla dolu olan məktubları dünyanın bütün nöqtələrinə göndərib və məktubu oxuyandan belə bir məktubdan heç olmasa daha on nəfərə göndərməyi xahiş ediblər. Bu fikir hamı tərəfindən dəstəklənib və 1973-cü ildən etibarən hər il 21 noyabr tarixi şən emosiyalar və xoş əhval-ruhiyyəli Ümumdünya Salam Günü kimi qeyd edilir.

Salamlaşmaq nə məna kəsb edir?

Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. News365.az-a açıqlamasında o bildirib ki, salamlaşmaq insanların ünsiyyəti zamanı önəmlidir:

“İslam dinində salam vermək müstəhəb, salamı almaq isə vacibdir. Salam o qədər əhəmiyyətli sayılıb ki, hətta bəzi məzhəblərin şəriət hüququna görə namazda da adam gərək salama cavab versin. Peyğəmbər buyurub ki, salamlaşıb, bir qədər sonra yenidən üz-üzə gəlsəniz yenə də salamlaşın. Salamın mənası sülh arzulamaqdır, amanda olduğunu bildirməkdir. İmam Hüseyndən nəql edilir ki, salamın 70 savabı var. 1-i salam verənə, yerdə qalanı salamı alana aiddir.

Peyğəmbər hətta müsəlman olmayan krallara, dövlət başçılarına məktub yazanda onu salamla başlayıb salamla bitirirdi. Yenə o həzrət buyurub ki, kim sizinlə salam vermədən danışmağa başlasa ona cavab verməyin. Habelə hər zaman deyirdi: Salam kəlamdan öncədir.

Namazın da salamı var. Mələklərə, Peyğəmbərə, möminlərə salam göndərilir. İslam dinində qiyabətən də salam var. Yəni dua edərək, başqa şəxslə istədiyin adama salam göndərmək kimi. Salam sülh, əminamanlıq arzulamaqdır. Möminlər, insanlar gərək bir birinə salam versinlər. Peyğəmbər buyurdu ki, 3 gündən artıq küsülü qalmaq haramdır. Müsəlman müsəlman qardaş, bacısına hər dəfə salam verməli, salamını almalıdır.

Yeganə olaraq Allaha salam vermək olmaz. Ona yalnız həmd, səna, şükr etmək lazımdır. Bir səhabə Allaha salam göndərirdi. Peyğəmbər bunu ona yasaqlayıb buyurdu ki, Allah zatən amandadır, Allahın özü salamdır:

“Salam ondandır. Salam sülhdür, onu da bəxş edən Allahdır”.

Odur ki, ona salam yox, həmd etmək gərəkdir. Müsəlman üçün hər gün Salam Günü olmalıdır. Hər kəsi salamlamaq, yazılı, şifahi salam yollamaq özü də bir ibadət sayılıb dinimizdə. Çünki ünsiyyəti, münasibəti, sosial əlaqələri inkişaf etdirir və insanlar arasında istilik yaradır”.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər