Naxçıvan Muxtar Respublikasının təməli 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi və həmin ilin oktyabrında imzalanan Qars müqaviləsi ilə Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu alması ilə qoyulmuşdur. 1924-cü il fevralın 9-da isə Naxçıvan MSSR yaradılmışdır. Qeyd edim ki, bu hər iki müqavilə beynəlxalq hüquqda "status-kvo" yaradan sənəddir. Naxçıvana hücum jus cogens normalarının tapdalanması deməkdir.
Bolşeviklər Azərbaycanı 27 aprel, 1920-ci ildə işğal etmişdilər. O zaman Türkiyənin müttəfiq axtarışına ilk səs verən Lenin oldu. Çünki bu müttəfiqlik hər iki dövlətə lazım idi.
Türkiyəyə: Müttəfiqlərin müdaxiləsinə müqavimət göstərilməsi məqsədilə 23 aprel 1920-ci ildə Ankarada Türkiyə parlamenti Mustafa Kamalın rəhbərliyi altında milli ordunun yaradılması üçün toplanmışdı. Mustafa Kamalın rəhbərlik etdiyi milli hərəkata ümumi düşmənə qarşı mübarizədə Sovetlərin dəstəyi lazım idi.
Bolşevik Rusiyasına: Müstəmləkə idarəçiliyi altında olan müsəlman dünyasının britaniyalılara və fransızlara qarşı ayağa qaldırılmasında Türkiyənin nüfuzu lazım idi.
Bu müttəfiqlik məsələsində iki tərəfi, xüsusilə Atatürkün niyyəti Ermənistan və Gürcüstan üzərindən deyil Azərbaycan üzərindən gediş-gəliş üçün sərhəd xətti yaratmaq idi. Xüsusilə Naxçıvan məsələsi onun diqqətində idi. 1921ci ildə, hələ Moskva Sazişindən əvvəl Kastamonu Millət vəkili, Xarici işlər nazirinin müavini Bəkir Sami bəylə birlikdə Moskvaya nümayəndə heyətində təmsil olunan Yusif Kamal Tengirşenk Atatürk ilə görüşüb: “Paşa ruslar Naxçıvanı təkidlə istəsə nə edək?” deyə soruşub.
Mustafa Kamal Atatürk Naxçıvanın Ermənistana hədiyyə edilməsi fikrindən narahat olmuş və “Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərə alın və əlinizdən gələni edin"
Türkiyə kəşfiyyatının verdiyi məlumata görə Lenin hökuməti 1920-ci il avqustun 10-da erməni daşnak hökuməti ilə bağladığı müqaviləyə uyğun olaraq Naxçıvanı kağız üzərində ermənilərə vermiş idi.
Təqdim etdiyim xəritəyə diqqət edin. 1929-cu il Türkiyənin sərhəd xəttlərini göstərən xəritədən görünür ki, bu tarixə qədər Naxçıvan və Türkiyə arasında sərhəd xətti olmayıb.
1921-ci il martın 16-da Türkiyə ilə bolşevik Rusiyası arasında bağlanmış Moskva müqaviləsi ilə Naxçıvan muxtar quruluş qazandı və başqa dövlətə buraxılmamaq şərti ilə Azərbaycanın ixtiyarına verildi.
Eyni məsələ 1921-ci il oktyabrın 13-də Türkiyə, bolşevik Rusiyası, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanan Qars müqaviləsi ilə də öz təsdiqini tapdı və Türkiyə Naxçıvanın Azərbaycana bağlı Muxtar Respublika olaraq qalmasının qarantı oldu.
Sonrakı illərdə Ermənistan Zəngəzur kimi Naxçıvanı da ilhaq etməyə çalışsa da, Moskva və Qars müqavilələrinin müddəalarına uyğun olaraq Naxçıvan Azərbaycanın tərkibində “Muxtar Respublika” kimi mövcudluğunu davam etdirdi.
Naxçıvan və Şərur rayonlarına erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi. Bolşeviklər Ankara ilə yaxşı münasibətlərin qurulmasına çalışırdılar. Nəticədə Moskva və Qars müqavilələrinə görə bu region Sovet Ermənistanına birləşdirilmir, əvəzində Sovet Azərbaycanın protektoratı altında muxtar ərazi yaradılırdı. Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsini Sovet Ermənistanı da daxil bütün tərəflər tanıdılar.
1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələrinə əsasən Naxçıvanın statusu beynəlxalq hüquqi təminat altına alınmışdır. Bu sənədlərə görə:
Azərbaycan: Naxçıvan üzərində protektorat dövlət statusuna malikdir. Müqavilələrin şərtinə görə, Azərbaycan bu himayəçilik hüququnu heç bir üçüncü dövlətə (ilk növbədə Ermənistana) güzəştə gedə bilməz.
Türkiyə: Naxçıvanın statusunun və təhlükəsizliyinin qarantı rolunda çıxış edir. Əgər Naxçıvanın muxtariyyət statusuna və ya ərazi bütövlüyünə qarşı hər hansı təhlükə yaranarsa, Türkiyə müqavilələrə əsasən müdaxilə etmək və bölgəni qorumaq hüququna malikdir. Türkiyə heç bir beynəlxalq təşkilatdan icazə almadan, müqavilə öhdəliyinə əsaslanaraq birbaşa hərbi müdaxilə edə bilər. Türkiyə bir NATO üzvüdür. İranın Türkiyənin qarantı olduğu bir əraziyə hücumu, dolayı yolla NATO-nun maraqlarına toxunmaq deməkdir
Rusiya: Moskva müqaviləsinin tərəfi və Qars müqaviləsinin iştirakçısı kimi bu statusun tanınmasında əsas tərəflərdən biridir. Naxçıvana hücum olarsa Rusiya müqavilənin tərəfi kimi həmin dövlətə qarşı hüquqi və siyasi təzyiq göstərmək məcburiyyətindədir. Buna müdaxilə etməsə Rusiyanın 100 illik imzasının tapdalanması deməkdir.
Bu müqavilələr müddətsizdir, yəni tərəflərdən biri tək tərəfli qaydada onları ləğv edə bilməz. Naxçıvana qarşı hər hansı bir hərbi hücum baş verərsə, bu, sadəcə lokal bir münaqişə deyil, beynəlxalq hüquqi öhdəliklərin işə düşdüyü genişmiqyaslı regional böhran olacaq.
İran rəhbərliyi bu nəticələri çox yaxşı bilir. Onlar Türkiyə və onunla birlikdə olan NATO ilə, eyni zamanda 44 günlük Zəfərin memarlar olan ordu ilə birbaşa savaşa girməyin bədəlini ödəyə bilməzlər.
Zaur Əliyev, tarixçi