Onun sözlərinə görə, bu qüvvələrin əsas məqsədi mövcud hakimiyyəti devirmək və keçmişdə separatçılıq fəaliyyəti ilə tanınan radikal qrupları yenidən ön plana çıxarmaqdır.
Ceyhun Məmmədov qeyd edib ki, Ermənistan cəmiyyəti bu qüvvələrin keçmiş fəaliyyətini yaxşı xatırlayır və onların yenidən hakimiyyətə gəlməsinə ehtiyatla yanaşır. Deputatın fikrincə, hazırda bu istiqamətdə müxtəlif qüvvələrin birləşməsi müşahidə olunur və burada bəzi xarici dövlətlərin, eləcə də kəşfiyyat xidmətlərinin rolunun olması istisna edilmir.
O vurğulayıb ki, bu qüvvələr regionda sabitliyin bərqərar olmasını istəmir və əsas hədəflərindən biri də yenidən gərginlik mühitinin formalaşdırılmasıdır. Deputat əlavə edib ki, bu proseslər Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşmasına da maneə yaradır.
Ceyhun Məmmədov bildirib ki, regionda gedən proseslər daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir və burada müxtəlif dövlətlərin maraqları toqquşur. Onun sözlərinə görə, məqsəd bölgədə sabitliyi pozmaq və müharibə ab-havasını yenidən gücləndirməkdir.
Deputat həmçinin Avropa İttifaqı missiyasının fəaliyyətinə də toxunaraq bildirib ki, bu missiyanın real fəaliyyəti ilə bağlı suallar mövcuddur. O qeyd edib ki, onların bölgədə konkret hansı işləri gördüyü ilə bağlı aydınlıq yoxdur və bu məsələ cəmiyyətdə müzakirə olunur.