Niderlandda anti-Azərbaycan təbliğatı güclənir

Niderlandda anti-Azərbaycan təbliğatı güclənir
10:17

Milli Məclisin deputatı Azər Allahverənov Niderlandda Azərbaycan əleyhinə qəbul olunan qərarlar və ictimai rəyin formalaşdırılması ilə bağlı fikirlərini açıqlayıb.

Deputat News365.az-a bildirib ki, bu məsələ ilə bağlı müxtəlif platformalarda, o cümlədən dostluq və işçi qrupları çərçivəsində kifayət qədər geniş müzakirələr aparılıb.

Onun sözlərinə görə, bu müzakirələr zamanı fərqli mövqelər də səsləndirilib.

Azər Allahverənov qeyd edib ki, Niderland parlamentində vaxtaşırı olaraq Azərbaycanla bağlı qətnamələrin qəbul edilməsi təsadüfi deyil. Onun fikrincə, bu, müəyyən dairələrin məqsədyönlü fəaliyyətinin nəticəsidir və ölkəyə qarşı formalaşdırılan mənfi rəyin göstəricisidir.

Deputat vurğulayıb ki, Niderland cəmiyyətində Azərbaycan və Türkiyə əleyhinə təbliğatın aparıldığı müşahidə olunur. O bildirib ki, bu təbliğat müxtəlif media vasitələri, xüsusilə radio və televiziya proqramları üzərindən həyata keçirilir və burada müəyyən ekspertlər və şərhçilər vasitəsilə anti-Azərbaycan və anti-türk mövqelər ön plana çıxarılır.

Azər Allahverənov əlavə edib ki, bu cür yanaşmaların arxasında müəyyən diaspor qruplarının təsiri istisna edilmir. Onun sözlərinə görə, nəticədə bu mövzular artıq təkcə siyasi dairələrdə deyil, geniş ictimai müzakirə predmetinə çevrilib.

Deputat sonda qeyd edib ki, Azərbaycan daha əvvəl də bəzi ölkələrin parlamentləri tərəfindən oxşar qərarların qəbul olunmasının şahidi olub və bu tendensiya yeni deyil.


Sizin reklam burada
Sizin reklam burada