Türkiyənin məşhur, mərhum ilahiyyatçı - alimi Yaşar Nuri Öztürkün səhhətinin qaydada olmadığı vaxtlarda etdiyi bəzi çıxışlarının altından bizim "dindarların" yazdıqları bir sıra rəylərə rast gəldim. Alimin hansı çıxışı dinləyicinin məzhəbinə uyğunsa rəy yerində yazıb: "Allah rəhmət eləsin, bunu da haqqı dediyi üçün zəhər verib öldürdülər."
Yox, hansı çıxışı dinləyicilərin məzhəbinə müxalifsə, təxminən belə rəylər yazıblar: "Allah lənət etsin. Belə danışdığı üçün Allah bu günə salıb..."
Demək, hər kəs dini yalnız özünün arzuladığı və nəfsinə, məzhəbinə uyğun formada görmək istəyir. Hərənin düşüncəsində öz dini var. Əslində etiraf olunmasa da dinin əsas prinsiplərindən kənara çıxmış məzhəblər də bir dindir. Çünki hərəsinin təqdim etdiyi fərqli tanrı, peyğəmbər obrazı var. Bəzən bir məzhəbin təqdim etdiyi tanrı digərinin təqdim etdiyindən qədim farsların xeyir - şər tanrısı qədər fərqlənir.
Məsələn, vəhhabilərin təqdim etdiyi qəddar və amansız tanrı obrazı ilə sufilərin təqdim etdiyi humanist, kövrək qəlbli, yumşaq tanrı obrazı tamamilə əks qütbləri tərənnüm edir. Hər xalq, hər qövm tanrını öz xarakterinə uyğun təsəvvür edərək, fərqli sifətlər verib.
Nəticədə bu gün müsəlmanların böyük əksəriyyəti Quranın təqdim etdiyi Allahdan uzaqlaşaraq real tanrı əvəzinə beyinlərində yaratdıqları yanlış tanrı obrazına tapırlar.
Bundan əlavə də əslində kim nəyə pərəstiş edirsə, nəyə vurğunsa onun tanrısı odur. Allah sözünün mənalarından biri də "valeh edən"dir. Fəqət çoxu Allaha yox, qızıla, pula, vəzifəyə, şöhrətə valehdir. Demək onların da tanrısı odur. Tənasül üzvündən dəri kəsməklə müsəlman olunmadığı kimi ölüsünü qibləyə basdırıb and içəndə "Quran haqqı" deməklə də müsəlman olunmaz. Müsəlman olmaq üçün yalnız Quranın təqdim etdiyi Allaha ibadət etmək, Ondan başqasından da əl üzmək lazımdır.
Minbir bəhanələrlə ayələri kontekstdən çıxarıb Allahın öz sözünü öz üzünə vuraraq adamları, daşları, qayaları Allaha müavin, köməkçi "təyin" etməklə də müsəlman olunmaz.
Hamı istəyir dini məhz onun arzusuna uyğun təbliğ edək.
Allah Yaşar Nuriyə rəhmət etsin. Mövhumat selinin xurafat axınına qarşı üzən qəvvas idi. Cismən qərq olsa da, fikrən, mənən yaşayır. Qoyub getdiyi düşüncə, məntiq, meyar və minhəclə hələ də cəhalət dalğalarını yarır, zülmət üfüqlərinə nur mayakı kimi işıq salır...
Tural İrfan, dinşünas