İnsanın ən böyük ehtiyacı sevilmək deyil, sevə bilmək imiş

İnsanın ən böyük ehtiyacı sevilmək deyil, sevə bilmək imiş
09:33
İnsan cəmiyyətində “yetimlik” anlayışı çox vaxt yalnız fiziki itki ilə ölçülür. Sanki valideynini itirən uşaq yetimdir, valideynləri sağ olan isə qorunmuş, tamamlanmış bir varlıqdır. Halbuki həyatın daha dərin qatlarına enəndə görürük ki, ən ağır itki bəzən gözlə görünməyən, amma ruhu içdən-içə aşındıran bir boşluqdur — sevgi boşluğu. İnsan taleyinin ən səssiz faciələri var — nə qəbiristanlıqda görünür, nə də tarix kitablarında yazılır. Bu faciələr insanın daxilində baş verir. Bəzən bir uşaq evin içində, valideynlərinin arasında, səs-küyün və həyatın tam mərkəzində böyüyür, amma ruhən tənha qalır. Onun otağı var, oyuncaqları var, hətta qayğı göstərən böyüklər də var. Amma bir şey çatmır: hiss olunmaq. Bu çatışmazlıq zahirdə görünmədiyi üçün çox zaman cəmiyyət onu problem saymır. Halbuki psixologiya sübut edir ki, insanın şəxsiyyətinin təməli məhz erkən yaşlarda aldığı emosional münasibətlə formalaşır. Məşhur psixoanalitik Sigmund Freud insan davranışlarının kökündə uşaqlıq təcrübələrinin dayandığını vurğulayırdı. Daha sonra John Bowlby bu fikri inkişaf etdirərək göstərdi ki, uşağın valideynlə qurduğu emosional bağ onun gələcəkdə sevgi qurmaq qabiliyyətini müəyyən edir. Sevgi görməyən uşaq sadəcə sevgisiz qalmır — o, sevgini necə yaşamağı da öyrənmir. 18-əsrdə bəzi hökmdarlar uşaqların yalnız fiziki ehtiyacları ödənilərək böyüdülməsi ilə bağlı eksperimentlər aparmışdılar. Bu uşaqlara yemək verilmiş, geyim təmin olunmuş, amma onlarla danışılmamış, qucaqlanmamışdılar. Nəticə isə dəhşətli idi: uşaqların çoxu ya erkən yaşda həyatını itirdi, ya da ciddi psixoloji travmalarla böyüdü. Bu fakt bir həqiqəti sübut etdi ki, insan üçün sevgi lüks deyil, yaşamaq üçün zəruri bir ehtiyacdır. Qurani-Kərim insan münasibətlərində mərhəmət və şəfqəti əsas dəyər kimi təqdim edir. Məhəmməd Peyğəmbər (s.a.s) uşaqlara qarşı davranışında bunu açıq şəkildə göstərirdi — o, uşaqları qucaqlayır, onlarla oynayır və sevginin yalnız sözlə deyil, davranışla ifadə olunmasının vacibliyini nümayiş etdirirdi. İslam alimləri də qeyd edirdilər ki, mərhəmət olmayan qəlb sərtləşir və bu sərtlik insanı həm özündən, həm də Yaradanından uzaqlaşdırır. Fəlsəfi müstəvidə isə sevgi insanın varlığını mənalandıran əsas qüvvə kimi qəbul edilir. Erich Fromm “Sevmək sənəti” adlı əsərində yazırdı ki, sevgi passiv bir hiss deyil, aktiv bir fəaliyyətdir. İnsan sevməyi öyrənməlidir, çünki sevgi məsuliyyət, diqqət, hörmət və bilik tələb edir. Sevgi görməyən insan isə çox zaman bu qabiliyyəti inkişaf etdirə bilmir və nəticədə ya emosional olaraq donuqlaşır, ya da sevgini yanlış formalarda axtarır. Bəzən cəmiyyət güclü, sərt və emosiyasız insan modelini ideal kimi təqdim edir. Amma bu əslində, daxili boşluğun maskasıdır. Fyodor Dostoyevski insan ruhunun ən dərin qatlarını təsvir edərkən göstərirdi ki, sevgidən məhrum insan ya özünü məhv edir, ya da başqalarına zərər verir. Onun qəhrəmanları çox vaxt sevgisizlikdən doğan daxili münaqişələrin qurbanına çevrilir. Maraqlı bir tarixi fakt da var: qədim Romada yetim uşaqlara dövlət tərəfindən xüsusi qayğı göstərilirdi, amma buna baxmayaraq, bu uşaqların böyük hissəsi cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkirdi. Səbəb sadə idi — qanunlar qayğı göstərə bilər, amma sevgi yarada bilməz. Sevgi yalnız insanın içindən gələn bir münasibətdir.
Bu gün isə vəziyyət daha mürəkkəbdir. Texnologiya inkişaf etdikcə insanlar arasında fiziki məsafə azalır, amma emosional məsafə artır. Uşaqlar valideynlərinin yanında böyüyür, amma onların diqqətindən uzaq qalır. Bir masa arxasında oturan ailə üzvləri bir-biri ilə deyil, ekranlarla ünsiyyət qurur. Bu isə yeni bir fenomen yaradır: “görünməz yetimlər”. Belə uşaqlar böyüyəndə sevgi münasibətlərində ya həddindən artıq asılı olur, ya da tamamilə uzaqlaşır. Onlar ya sevgini itirmək qorxusu ilə yaşayır, ya da heç kimə güvənə bilmirlər. Bu isə cəmiyyətin gələcəyinə təsir edən ciddi bir problemdir. Sevgi əslində insanın daxili dilidir. O, sözlərdən əvvəl gəlir. Uşaq ilk olaraq baxışlardan, toxunuşdan, səs tonundan sevgini hiss edir. Əgər bu dil ona öyrədilməzsə, o, böyüyəndə də bu dili anlaya bilmir. Buna görə də ailə yalnız bioloji bir birlik deyil, həm də mənəvi məktəbdir. Burada uşağa yalnız danışmaq, oxumaq, yazmaq yox, həm də hiss etmək öyrədilir. Əgər bu məktəbdə sevgi yoxdursa, insan həyatın ən vacib dərsini keçə bilmir.
İnsanın ən böyük ehtiyacı sevilmək deyil, sevə bilməkdir. Çünki sevilmək insana dəyər hissi verir, amma sevmək ona mənəvi güc qazandırır. Sevə bilən insan heç vaxt tam tənha olmaz — çünki onun daxilində həyatla bağ quran bir işıq yanır. Əsl kimsəsizlik isə bu işığın sönməsidir.
İnsanı həqiqətən “yetim” edən, yanında heç kimin olmaması deyil — qəlbində sevginin olmamasıdır.
Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada