Bu gün Pravoslav Xristianlığı mənsubları dünyanın dörd bir yanında ən müqəddəs bayramlarından biri - Pasxa, yəni İsa Məsihin diriliş gününü böyük təntənə ilə qeyd edir.
Xatırladaq ki, Roma Katolik Kilsəsi bu bayramı daha əvvəl, 5 aprel tarixində qeyd etmişdi. Bakıda yaşayan pravoslavlar üçün isə bu günün ünvanı dəyişmir, paytaxtın mərkəzində yerləşən Müqəddəs Məryəm – Mövlud kilsəsi. Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən bu kilsə Pasxa gecəsi və səhəri sözün əsl mənasında fərqli bir aləmə çevrilir. Gecədən başlayan ayinlər səhərə qədər davam edir.
Pravoslavların Pasxa ənənələrini daha yaxından izləmək üçün həmin kilsədə olduq. Zənglərin ritmik səsi, şamların zəif işığı və insanların pıçıltı ilə etdiyi dualar bir-birinə qarışaraq mistik bir ab-hava yaradır.
Qeyd edək ki, Pasxa səhəri erkən saatlardan etibarən kilsə həyətində canlanma başlayır. Gecə boyu davam edən ayindən sonra evinə dönənlər olsa da, bayram səhərini məhz burada, müqəddəs məkanda qarşılamaq istəyənlərin sayı az deyil. Ailələr, gənclər, yaşlılar, bir sözlə, hamı bir məqsədlə toplaşıb: bu müqəddəs anın bir parçası olmaq.
Kimisinin əlində şamlar, kimisində boyanmış yumurtalar və ya xüsusi Pasxa çörəyi olan kuliç.
Kuliç - hündür, silindrik forması ilə seçilən, üzəri ağ şəkər qlazuru ilə örtülən xüsusi çörəkdir. İlk baxışdan adi şirniyyat təsiri bağışlasa da, onun arxasında dərin dini və mədəni məna dayanır.

Kuliçin hazırlanması prosesi bir çox ailələrdə sıradan bir mətbəx işi kimi deyil, kiçik bir ayin kimi qəbul olunur. Xəmir yoğrularkən tələsmək, əsəbiləşmək, səs-küy salmaq yaxşı əlamət sayılmır. Əksinə, bu proses sakitlik, təmkin və xoş niyyətlə həyata keçirilməlidir. Bəzi inanclara görə, evdəki ab-hava kuliçin alınmasına birbaşa təsir edir, yəni, xəmirin necə qalxması, çörəyin necə bişməsi insanın daxilindəki halın bir növ güzgüsünə çevrilir. Bu çörəyin içərisinə əlavə olunan hər bir detal, o cümlədən kişmiş, şəkərli meyvələr, vanil və digər ədviyyatlar bolluğun, bərəkətin və həyatın şirinliyinin rəmzi kimi yozulur. Üst hissəsinə çəkilən ağ qlazur isə saflığı, yenilənməni və ilahi nuru simvolizə edir. Bəzən onun üzərinə “XB” - yəni “İsa Məsih dirildi” sözləri yazılır.
Xalq arasında belə bir inanc da geniş yayılıb: kuliçdən dadan insan il boyu şər qüvvələrdən, pis niyyətli baxışlardan və mənfi enerjidən qorunur. Bu səbəbdən də Pasxa günü bu çörək yalnız yemək üçün deyil, həm də qoruyucu, bərəkət gətirən bir nemət kimi qəbul edilir. Kuliç bişirildikdən sonra onun yolu mütləq kilsədən keçir. İnsanlar onu səbətlərə qoyaraq kilsəyə aparır, burada keşiş xüsusi dualar oxuyur və çörəyin üzərinə müqəddəs su çiləyir. Bu an kuliç artıq adi bir çörək statusundan çıxır, müqəddəsləşmiş bir nemətə çevrilir.
Məhz bundan sonra kuliç Pasxa süfrəsinin mərkəzinə qoyulur. Süfrədəki digər bütün nemətlər onun ətrafında toplanır. Ailə üzvləri onu bölüşərək yeyir, hər tikədə həm inancın, həm də birlik və paylaşmağın dadını hiss edirlər. Kilsədə olarkən, pravoslav olan Natella xanımla söhbətləşirik. Deyir ki, Bakıda doğulub, burada boya-başa çatıb. Atası müsəlman, anası isə Pravoslav Xristianlığı mənsubu olub: “Onа görə ailəmizdə həmişə həm Ramazan Bayramı, həm Qurban Bayramı, həm də Pasxa bayramı qeyd olunur”.
Natella xanım deyir ki, səbətindəki kuliçləri özü hazırlayıb: “İndi çox az sayda insan var ki, kuliçi özü bişirsin. Çünki hazırlanması bu qədər səbr tələb edir. Amma bizim ailədə kuliçi həmişə özümüz hazırlamışıq".

Boyanmış yumurta isə Pasxa bayramının bəlkə də ən tanınan, ən çox sevilən və ən dərin məna daşıyan rəmzidir. Rəvayətə görə, Mariya Maqdalena İsa Məsihin dirildiyini öyrəndikdən sonra bu möcüzəni dünyaya çatdırmaq üçün Roma imperatoru Tiberinın sarayına yollanır. O, imperatorun qarşısına çıxaraq əlindəki sadə, ağ yumurtanı ona təqdim edir və deyir: “İsa dirildi!”
İmperator isə bu xəbərə şübhə ilə yanaşır və istehza ilə cavab verir: “Ağ yumurtanın qırmızıya çevrilməsi nə qədər mümkünsüzdürsə, bu xəbərə inanmaq da o qədər çətindir”. Lakin rəvayətə görə, elə həmin anda Maqdalenanın əlindəki kimi adi bir ağ yumurta möcüzəvi şəkildə qırmızıya çevrilir. Məhz bu möcüzədən sonra qırmızı yumurta Pasxanın ayrılmaz rəmzinə çevrilir. Yumurta özü-özlüyündə həyatın, doğuluşun, yenilənmənin simvoludur. Qırmızı rəng isə İsa Məsihin çarmıxda axıtdığı müqəddəs qanını xatırladır.
Zənglər çalındıqca insanlar növbə ilə kilsəyə daxil olur. Əllərində isə şirniyyat səbətləri ilə yanaşı xüsusi bədmüşk budaqları da var. Hər kəs səssiz şəkildə keşişə yaxınlaşır. Keşiş isə dua oxuya-oxuya insanlara və onların gətirdiyi nemətlərə müqəddəs su çiləyir, ardınca ən müqəddəs sözləri səsləndirir: “İsa Məsih dirildi!” Bu sözlərə cavab isə dəyişmir: “Həqiqətən dirildi!”
Pravoslav inancına görə bədmüşk budaqları evdəki mənfi enerjini, xəstəlikləri, gərginliyi özünə çəkən, insanı qoruyan mənəvi bir sipər sayılır. Bu səbəbdən Pasxa günü bu budaqlar xüsusi əhəmiyyət daşıyır. İnsanlar kilsəyə gələrkən onları mütləq özləri ilə gətirir, keşişin oxuduğu dualarla bu budaqlar “canlandırılır”. İnsanlar bu budaqları evlərinə aparır, çox vaxt ikonaların yanında, bəzən qapı üstündə, bəzən isə gözə dəyməyən bir guşədə saxlayırlar.
Növbəti Pasxa yaxınlaşanda isə maraqlı köhnə bədmüşk budaqları yandırılır. Sanki ötən ilin bütün ağırlığı, xəstəlikləri, pis xatirələri alovla birlikdə yox olur. İnsanlar yeni Pasxaya artıq “yüngülləşmiş”, mənəvi olaraq təmizlənmiş şəkildə qədəm qoyur.
Kilsənin həyətində və çıxışında isə bu ənənənin ayrılmaz hissəsi olan bədmüşk budaqlarını əldə etmək də mümkündür. Qiymətlər isə illər keçsə də dəyişməz qalır - 1-2 manatdan başlayır.
Bəs Pasxa bayramı necə yaranıb?

Dini qaydaya görə, pravoslavlar 40 gün xüsusi pəhrizlə oruc tutur. Daha sonra Böyük cümə axşamı mənəvi təmizlənmə günü keçirilir. Həmin gün inanclara görə İsa peyğəmbərin dəfni günüdür. Ardınca gələn Böyük şənbə günü kədər, İsa peyğəmbərin dirilməsini gözləmək günüdür. Axşamdan pravoslavlar kilsəyə toplaşır və İsanın dirilməsini, Pasxanı qeyd edirlər. Gecədən başlayan dini ayinlər səhər saatlarında da davam edir. Məlumata görə, ilk Pasxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl, israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə bayram ediblər. Əhdi-Ətiqdə Pasxa yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərir. Elə “Pasxa” sözü də qədim yəhudi dilində “xilas olma”, “qurtulma” deməkdir. Pasxa ölüm üzərində qələbə bayramı hesab edilir. Mart ayında, gecə və gündüz bərabərləşəndən 30 gün sonra ay bədirlənirsə, ilk bazar günündə bayram edilir.
Xalidə Gəray
Video və fotolar müəllifindir
Musavat.com





