"Hazırda sülh müqaviləsinin əsas maddələri üzrə razılaşma əldə olunub"- Ceyhun Məmmədov

"Hazırda sülh müqaviləsinin əsas maddələri üzrə razılaşma əldə olunub"- Ceyhun Məmmədov
17 Apr 2025 17:08

"Ararat Mirzoyan özü də bildirdi ki, Azərbaycanla birbaşa, bölgədə keçirilən görüşlər keçmiş münaqişənin həllinə müsbət təsir göstərir."

Milli Məclisin deputatı Ceyhun Məmmədov bu sözləri News365.az-a açıqlamasında deyib.

"Bu, Azərbaycanın diplomatik rəhbərliyinin uzun müddət üzərində işlədiyi bir layihədir. Uzun illərdir müşahidə edirik ki, Azərbaycan tərəfi münaqişənin region dövlətlərinin iştirakı ilə həllini təklif edir. Xüsusilə də Gürcüstanın neytral mövqeyini nəzərə alsaq – yəni nə Azərbaycan, nə də Ermənistan bu ölkə ilə münaqişə tərəfi deyil – o zaman danışıqların aparılması üçün ən doğru seçim və platformanın məhz Gürcüstan və Cənubi Qafqaz bölgəsi olduğu aydın görünür.

Biz hər zaman xüsusi olaraq vurğulamışıq ki, bölgənin taleyi məhz bölgədə həll olunmalıdır. Bugünə qədər Avropa İttifaqında, ABŞ-da, Rusiyada müxtəlif görüşlər keçirilib, lakin bu görüşlərin böyük əksəriyyətində müəyyən problemlər ortaya çıxıb. Bu da diqqətçəkən bir məsələdir.

Bugün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özü də bildirdi ki, Azərbaycanla birbaşa, bölgədə keçirilən görüşlər keçmiş münaqişənin həllinə müsbət təsir göstərir. Bu, yeni bir reallığın göstəricisidir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bu mövzuya aydınlıq gətirdi və bildirdi ki, bu, Azərbaycanın formalaşdırdığı yeni reallığın təsdiqidir.

Bu, sadə bir məsələ deyil. Əvvəllər biz Avropa İttifaqının və digər beynəlxalq vasitəçilərin iştirakı ilə müxtəlif ölkələrin paytaxtlarında danışıqlar aparırdıq. Lakin son dövrlərdə əldə olunan ən böyük uğurlardan biri də Antalya Forumunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birbaşa görüş keçirməsi oldu.

Bu onu göstərir ki, biz artıq vasitəçilərə ehtiyac duymadan, özümüz bu prosesdə birbaşa iştirak edə bilərik. Əvvəllər təklif edilən üçtərəfli və ya altıtərəfli formatlar da vardı, lakin bugünkü qlobal və geosiyasi reallıqlar fonunda ən uyğun platforma məhz regional əməkdaşlıqdır.

Beynəlxalq təşkilatlar, o cümlədən BMT və Avropa İttifaqı, artıq öz funksiyalarını lazımi şəkildə yerinə yetirə bilmirlər. BMT qətnamələrinin icra olunmaması, Avropa İttifaqının ikili standartlarla çıxış etməsi buna bariz nümunədir.

Bu səbəbdən də hazırda əldə etdiyimiz yeni reallıq olduqca önəmlidir. Bu, Azərbaycanın uzun müddət ərzində üzərində çalışdığı bir layihənin nəticəsidir. Hazırda sülh müqaviləsinin əsas maddələri üzrə razılaşma əldə olunub. Qalan bəzi detallarla bağlı isə müzakirələrin aparılması üçün ən uyğun platforma kimi Gürcüstan nəzərdən keçirilir."


Sizin reklam burada
Sizin reklam burada