Prezident İlham Əliyev: “Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir”
Azərbaycan və Gürcüstan arasındakı
münasibətlər son illərdə bütün sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət,
enerji, nəqliyyat və regional təhlükəsizlik sahələrində güclənib. Hər iki ölkə
arasında mövcud olan strateji tərəfdaşlıq, qarşılıqlı maraqların qorunmasına və
inkişafına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev Gürcüstana (1 dövlət, 1 rəsmi, 9 işgüzar) səfər etmişdir. Son rəsmi
səfər 05-06 noyabr 2015-ci ildə, işgüzar səfər 08 oktyabr 2023-cü ildə həyata
keçmişdir. Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 2 (1 rəsmi,
1 işgüzar) səfər etmişdir. Rəsmi səfər 27-28 fevral 2019-cu ildə, işgüzar səfər
(IX Qlobal Bakı Forumunda iştirak) isə 16 iyun 2022-ci ildə baş tutmuşdur.
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili isə ilk sərini 16 aprel 2025-ci ildə
Azərbaycana rəsmi səfər edib. Bu, onun prezident seçilməsindən sonra ilk xarici
səfəri olub. Səfər çərçivəsində Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev
ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və enerji
layihələri müzakirə edilib. Həmçinin, Baku-Tbilisi-Ceyhan neft kəməri və digər
regional layihələr barədə fikir mübadiləsi aparılıb. Kavelaşvili
qiymətləndirərək, Azərbaycanın inkişafını yüksək qiymətləndirib və bu inkişafın
Heydər Əliyevin strateji vizyonunun nəticəsi olduğunu vurğulayıb. Bu səfər,
Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığını daha da gücləndirmək və
regional əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Prezident İlham Əliyev
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri
zamanı mətbuata verdiyi bəyanatda deyib ki, Azərbaycan-Gürcüstan münasibətləri
bütün sahələr üzrə inkişaf edir: “Əsrlər boyu bizim xalqlarımız sülh,
mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir.
Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan
birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz
üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır.
Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm
xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl
mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim
bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd
etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə
həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat,
kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan
layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji
xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji
təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür
etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii
qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir.
Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş
dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya
yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün
biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və
Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən
yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar
atılır”. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz
layihələri, nəqliyyat və kommunikasiya layihələri hər iki ölkənin iqtisadiyyatı
və regional təsiri baxımından böyük əhəmiyyət daşıyır. 2006-cı ildə istismara
verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Azərbaycanın Xəzər dənizindən
çıxarılan nefti Gürcüstan vasitəsilə Türkiyəyə, oradan isə dünya bazarlarına
çıxarmaq üçün mühüm bir infrastruktur layihəsidir. Bu kəmər Cənubi Qafqazın
enerji təhlükəsizliyini gücləndirir və Azərbaycanın qlobal enerji bazarına
çıxışını təmin edir. Bakı-Tbilisi-Erzurum (BTE) qaz kəməri də Azərbaycanın
təbii qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxarmaq üçün çox önəmli
bir infrastruktur layihəsidir. Bu kəmər, həmçinin Şahdəniz yatağından çıxarılan
qazı Avropaya çatdırmaq üçün mühim bir vasitədir. Beləliklə, bu layihə Cənubi
Qafqazın enerji xəritəsini yenidən tərtib edir. TANAP layihəsi, Azərbaycan
qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya aparmaq məqsədi güdür. Bu, Cənub
Qaz Dəhlizinin bir hissəsi olaraq, enerji təhlükəsizliyi baxımından əhəmiyyətli
bir addımdır. TANAP, Avropanın enerji tədarükündə diversifikasiyanı təmin edir
və enerji mənbələrinə yeni alternativlər təqdim edir. Bakı-Tbilisi-Qars dəmir
yolu layihəsi, Azərbaycan və Gürcüstanın nəqliyyat sahəsində əməkdaşlığını
genişləndirir. Bu dəmir yolu xətti Avropa və Asiya arasında quru yolu ilə
sürətli və sərfəli nəqliyyat təmin edir. Bu layihə Avrasiyanın nəqliyyat
xəritəsini dəyişdirərək, regionun ticarət imkanlarını genişləndirir.
Trans-Xəzər Nəqliyyat Dəhlizi isə Çin, Mərkəzi Asiya və Avropa arasında yeni
bir ticarət marşrutu təmin edir. Azərbaycan və Gürcüstanın iştirak etdiyi bu
layihə, Cənubi Qafqazın Avrasiyanın ticarət və nəqliyyat mərkəzinə çevrilməsini
təmin edir. Həmçinin, bu layihə, Azərbaycanın və Gürcüstanın iqtisadi
əlaqələrini daha da gücləndirir. Azərbaycan və Gürcüstanın müasir nəqliyyat
infrastrukturlarını inkişaf etdirməsi, xüsusilə Bakı Limanı və Poti Limanı
arasında əlaqələri möhkəmləndirir. Bu limanlar, Şərq və Qərb arasında mal daşımasını
sürətləndirir və Avrasiya ticarətinin inkişafına böyük töhfə verir. Bu
layihələr yalnız regional əməkdaşlığı gücləndirməkdə deyil, həm də Avrasiyanın
geniş bir ticarət və enerji mərkəzinə çevrilməsi məqsədini güdür. Azərbaycanın
və Gürcüstanın birgə həyata keçirdiyi bu strateji layihələr, həmçinin qlobal
enerji təhlükəsizliyi və nəqliyyat şəbəkələrinin diversifikasiyası baxımından
çox böyük əhəmiyyət kəsb edir.
İki ölkə arasında ticarət dövriyyəsi artmış və
bir-birinə investisiya qoyuluşları güclənmişdir. Azərbaycanın Gürcüstanda
investisiya qoyuluşları, eyni zamanda Gürcüstanın Azərbaycandakı turizm və
tikinti sahələrindəki rolu daha da böyüməkdədir. Azərbaycan və Gürcüstan,
bölgədəki təhlükəsizlik məsələləri ilə bağlı yaxından əməkdaşlıq edirlər. Bu
əməkdaşlıq, hər iki ölkənin, xüsusilə də Cənubi Qafqazın sabitliyini təmin
etmək və təhlükəsizliyini artırmaq məqsədini güdür. Həmçinin, mədəniyyət və
turizm sahələrində də qarşılıqlı əlaqələr artmaqdadır. Hər iki ölkənin xalqları
arasında çoxsaylı mədəniyyət tədbirləri və festivallar təşkil olunur, eyni
zamanda turist mübadiləsi inkişaf edir. Azərbaycan və Gürcüstanın əlaqələrinin
gələcəkdə daha da güclənməsi, bu iki ölkənin inkişafı üçün vacib olacaq.
Səyavuş Qasımov
Avrasiya Universitetinin rektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent