"Mənə elə gəlir ki, Paşinyanın etirafları əsasən doğru etiraflardır. Amma bu, başqa məsələdir ki, Paşinyan bu etiraflarında nə qədər səmimidir. O, son 35 illik dövrü, yəni Ermənistanın müstəqillik tarixini qiymətləndirir və ədalət naminə demək lazımdır ki, gəldiyi nəticələr, ümumilikdə, doğrudur."
Millət vəkili Hikmət Babaoğlu bu sözləri News365.az-a deyib.
"Əgər Ermənistan vaxtında Azərbaycan torpaqlarını işğal etməsəydi, müharibə davam etməsəydi, o zaman regionun inkişafı üçün tamamilə fərqli bir siyasi və iqtisadi konfiqurasiya formalaşa bilərdi. Birincisi, Ermənistan dövlət kimi müstəqil və sabit iqtisadiyyat qura bilərdi. İkincisi, çünki əsas nəqliyyat marşrutları — Asiyadan Avropaya gedən yollar — Ermənistan ərazisindən keçirdi. Bu isə bölgədəki xalqlar arasında əlaqələri dərinləşdirə, inteqrasiya prosesini sürətləndirə və Türkiyə-Ermənistan münasibətlərinin yüksək səviyyəyə çatmasına səbəb ola bilərdi.
İndi isə düşünək: 30 illik itirilmiş bu dövr Ermənistanın perspektivlərindən nələri alıb? Və bu gün həmin dövrü kompensasiya etmək üçün yenidən azı 30 il vaxt lazımdır. Bu məsələnin bir tərəfi tarixi və geosiyasi kontekstdədir.
İkinci tərəfdən, real siyasi mərhələdə Paşinyanın yanaşmaları, ümumən, doğrudur. Yəni Qarabağ məsələsinin artıq Ermənistan üçün gündəmdə olmaması, ordan əl çəkilməsi — bu, reallığın qəbul edilməsidir. Çünki Paşinyan da bilir ki, əgər yenidən münaqişə alovlansa, bölgədə davamlı sülhə ümidlər birdəfəlik itə bilər. Və o zaman Ermənistanın gələcək liderləri artıq ölkəni 29,8 min kvadrat kilometr ərazidə deyil, 9,2 min kvadrat kilometr kimi təqdim etməyə məcbur qalacaqlar. Paşinyanın Ermənistan cəmiyyətinə verdiyi əsas mesaj da məhz budur.
Ancaq məsələ ondadır ki, birincisi, Paşinyan bu etiraflarda səmimi deyil — o, sadəcə zərurətdən, reallıqdan çıxış edərək bunları siyasi lider kimi səsləndirmək məcburiyyətindədir. İkincisi, Azərbaycan Prezidentinin 9 aprel tarixində qeyd etdiyi kimi, Paşinyan və komandası passiv revanşistlərdir. Aktiv revanşistlər isə Koçaryan və Sarkisyanın ətrafında cəmləşmiş azsaylı qruplardır.
Paşinyanı passiv revanşist adlandırmaq ona görə haqlıdır ki, onun səsləndirdiyi fikirlər, etiraflar yalnız bəyanatlardır. Paralel olaraq, o nə edir? Silah alır, Azərbaycanla sərhədi gücləndirir, əraziyə terrorçular yerləşdirir, Avropanın müxtəlif tribunalarında Azərbaycanı şikayət edir, konstitusiyaya dəyişikliklər etməyə çalışır və sair.
Demək, qarşımızda iki Paşinyan var: biri bəyanat verən, bəzən düzgün qiymətləndirmələr aparmağa çalışan Paşinyan; digəri isə rəhbərlik etdiyi hökumətin əməli ilə bölgədə vəziyyəti gərginləşdirən Paşinyandır. Bu isə ziddiyyətli mənzərə yaradır. Ermənistan cəmiyyəti və beynəlxalq ictimaiyyət bu iki obrazdan birini seçməlidir."