Noyabrın 19-da həbsdən ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova solo konsert verəcək. O, dekabrın 16-da Bakıdakı restoranlardan birində səhnəyə çıxacaq. Bu, sənətçinin həbsdən sonra ilk konserti olacaq.
Bəs ev dustaqlığında olan R.İsmayılova səhnəyə neçə çıxır?
Vəkil Emil Aslanov “Yeni Sabah”a açıqlamasında bildirib ki, ev dustaqlığı zamanı şəxsin bütün günü mütləq şəkildə evdə qalması tələbi yoxdur:
“Ev dustaqlığında olan şəxsin toyda və ya yasda iştirak edə bilməz” fikri doğru deyil. Bu müddət ərzində şəxsin mütləq evdə oturmalı olması kimi bir qayda yoxdur. Qanunvericilikdə ev dustaqlığı həbsə alternativ qətimkan tədbiri hesab sayılır. Bu halda şəxs həbs edilmir, ev dustaqlığına buraxılır və müəyyən vaxtlarda probasiya şöbəsinə gedib icra məmurunun yanında olur. Orada imza atır ki, Bakıdadır, Azərbaycandadır və s. Yəni ev dustağı istədiyi yerə gedib-gələ bilər, bunda problem yoxdur”.
Vəkilin sözlərinə görə, ev dustaqlığında olan şəxsin yeganə məhdudiyyəti ölkə hüdudlarını tərk etməməsidir:
“Yeganə məhdudiyyət xaricə çıxa bilməməsidir. Azərbaycanın hüdudlarını tərk etməsi qadağandır.
Ev dustaqlığının öz şərtləri ola bilər. Məsələn, məhkəmə qərar verə bilər ki, şəxs gecə saat 23:00-dan sonra evdə olmalıdır və yaxud müəyyən saatlarda evdə qalmalıdır. Amma bu məcburi deyil, ola bilər ki, heç bir əlavə şərt və ya məhdudiyyət qoyulmasın”.

E.Aslanov bildirib ki, əgər məhkəmə qərarında xüsusi məhdudiyyətlər göstərilməyibsə, Rəqsanə İsmayılovanın konsert verməsi hüquqi baxımdan mümkündür:
“Ev dustaqlığında olan şəxs hər dəfə harasa gedəndə ərizə yazmaq məcburiyyətində deyil. Ev dustaqlığı ilə bağlı qərarda hansı qaydalar göstərilibsə, həmin qaydalara əməl olunmalıdır. Məsələn, əgər qərara əsasən şəxs axşam 23:00-da evdə olmalı, səhər 08:00-da evini tərk edə bilər. Onda yalnız bu vaxtlara riayət etməlidir. Bunun xaricində istədiyi yerə gedə bilər.
Digər bir variant da ola bilər: ev dustaqlığı şəxsin yaşadığı rayonu tərk etməməsi şəklində müəyyən edilə bilər. Məsələn, şəxs Yasamalda yaşayırsa, bu rayonun ərazisini tərk etməməlidir. Bu cür məhdudiyyətlər də mövcuddur. Bütün qərarları məhkəmə verir və icra məmuru həmin qərarları icra edir”.
Xatırladaq ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Avqustun 16-da onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.