Hava şəraitində müşahidə olunan kəskin temperatur enişləri son günlər cəmiyyətin diqqət mərkəzindədir. Xüsusilə, paytaxt və regionlarda havanın bir neçə saat ərzində dəyişməsi, şaxtalı küləklər və temperatur fərqləri vətəndaşlarda sual doğurur: bu cür ani soyumalar fasilələrlə qar yağmasına səbəb ola bilərmi?
Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, havanın temperaturunun kəskin enməsi Bakıda qar yağmasına səbəb ola bilər, amma bu, müəyyən şərtlər daxilində baş verir:
“Yəni, təkcə havanın temperaturun düşməsi kifayət etmir. Qarlı hava şəraiti üçün temperaturun sürətlə 0°C-yə və ya aşağı enməsi (adətən şimaldan gələn soyuq hava axını ilə baş verir), havanın rütubətli olması (soyuq hava Xəzər dənizi üzərindən keçərək rütubət yığır – əgər rütubət kifayət qədər olmazsa, sadəcə soyuq hava yaranar, qar yağmaz) və yağıntı yaradan buludların əmələ gəlməsini şərtləndirən havanın dayanıqsız olmasıdır.
Bakıda qar adətən uzunmüddətli və intensiv olmur, daha çox zəif və fasiləli xarakter daşıyır”.
C.Hüseynov qeyd edir ki, növbəti 2–3 gün üçün ərzində Bakıda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır:
“Lakin gecə və axşam bəzi yerlərdə çiskin yağması ehtimalı var. Şimal-qərb küləyi mülayimləşəcək, temperatur gündüz +8…+12°C civarında qalacaq, bu temperaturda qar yağma ehtimalı çox azdır.
Yanvar ayının 13–15 tarixlərində isə havanın tədricən soyuyacağı, yağıntılı olacağı, yağıntıların arabir sulu qara və qara keçəcəyi ehtimalı var”./// konkret.az