Boş danışan insan kimdir?

Boş danışan insan kimdir?
16:26
Qədim yunan filosofu Heraklit deyirdi: “Logos kainatın nizamıdır.” Yəni söz təkcə danışıq deyil, mənanın özüdür. Aristotelə görə isə insanı heyvandan ayıran əsas cəhət məhz məntiqli danışmaq qabiliyyəti idi. Amma burada incə bir məqam var ki, danışmaq bacarığı hər kəsdə var, məntiqli danışmaq isə az adamda. Bu gün cəmiyyətin faciəsi ondadır ki, səs çoxdur, məna azdır. İnsanlar düşünmədən danışır, amma danışdıqlarının məsuliyyətini daşımırlar. Fəlsəfə bizə öyrədir ki, söz məsuliyyətdir. Söz dedinsə, onun arxasında dayanmalısan. Dayana bilmirsənsə, deməməli idin. Mən hər sözə cavab verə bilərəm. Amma cavab vermək qarşı tərəfi dialoqa layiq görməkdir. Fəlsəfi baxımdan bu, qarşılıqlı tanınma deməkdir. Adam olmayanı tanımaq isə özünə hörmətsizlikdir.
Boş danışan insan kimdir?
Psixologiya deyir ki, aqressiv və səviyyəsiz danışıq çox vaxt daxili boşluğun kompensasiyasıdır. Özünü dəyərsiz hiss edən insan səsi ilə üstünlük qurmağa çalışır. Təhqir edən adam əslində özünə inanmayan adamdır. Carl Jung yazırdı ki, “İnsan qəbul etmədiyi qüsurları başqasına yükləyir.” Bu gün sosial mediada, küçədə, məclislərdə gördüyümüz kobudluqların böyük əksəriyyəti proyeksiyadır yəni insan öz içindəki çatışmazlığı başqasına atır. Mənim susmağım qorxu deyil. Bu emosional yetkinlikdir. Psixoloji cəhətdən yetkin insan hər stimula reaksiya verməz. Çünki o bilir ki, hər reaksiya enerji itkisidir. Mən enerjimi hər səviyyəsizliyə xərcləmirəm.
İslam dinin də sözün dəyəri çox ağırdır. Qurani-Kərimdə buyurulur: “İnsan ağzından çıxardığı hər sözü yazan nəzarətçilər vardır.” (Qaf surəsi-18) Peyğəmbərimiz Məhəmməd (s.ə.s) deyirdi: “Ya xeyir danış, ya sus.” Bu sadə nəsihət deyil əxlaq kodeksidir. İslam dini sözün tərbiyəsini insanın imanının göstəricisi sayır. Çünki dili saxlamaq nəfsi saxlamaqdır. Nəfsinə hakim olmayan insan sözünə də hakim ola bilməz. İmam Əli (ə) buyururdu: “İnsanın dəyəri, dediyi sözün dəyəri qədərdir.” Bu gün söyüşü “dürüstlük”, hörmətsizliyi “cəsarət”, həyasızlığı “azad fikir” adı ilə satanlar əslində əxlaqi çöküşün təbliğatçılarıdır. Söz əxlaqdan qopanda fitnəyə çevrilir. Tarix sübut edir ki, imperiyalar qılıncla yox, sözlə dağılır. Roma imperiyası daxildən çürüdü, çünki söz məsuliyyətsizləşdi. Orta əsrlərdə alimlər bir söz üçün can verirdilər, çünki söz şərəf idi. Nizami Gəncəvi deyirdi: “Söz gülşənində ətir var, Cahilin sözündə zəhər.” Atalarımız deyirdi: “Adam var, sözünü yerə qoymaz, söz var, adamı yerə salar.” Bu gün isə bəzi insanlar sözlə adam sındırmağı hünər sayır. Amma tarix göstərir ki, sözün hörməti bitəndə cəmiyyət dağılır.
Mən hər sözə cavab verə bilərəm.
Amma cavab vermək seçimdir.
Mən əvvəl sözə baxıram:
– Bu sözün içində ağıl varmı?
– Bu sözün arxasında məsuliyyət varmı?
Sonra adama baxıram:
– Bu insan tərbiyə görübmü?
– Bu insan dediyinin arxasında dura biləcəkmi?
Əgər cavab bəlidirsə, sözüm də var, cavabım da. Əgər cavab xeyrdirsə susuram. Çünki bəzən ən ağır cavab laqeydlikdir. Bəzən susmaq qarşı tərəfi layiq olduğu yerə qoymaqdır.
Sözüm var – dəyər bilənə.
Cavabım var – adam olana.
Qalanları isə zaman özü susdurur.
Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada