Koçaryan və Sarkisyan İrəvanda saxlanıldı - Bakıya gətirilməsi gündəmdə

Koçaryan və Sarkisyan İrəvanda saxlanıldı - Bakıya gətirilməsi gündəmdə
05 Yan 2026 17:13

“ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat və Prezident Nikolas Maduronun həbsi dünyada şok effekti yaratdı. Biz zaman-zaman görürük ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinin icrası ilə bağlı mexanizmlər yoxdur. Əgər BMT separatçılara, cinayət törətmiş şəxslərə qarşı hansısa bir qərar qəbul edirsə, onun icra mexanizmi olmalıdır”.

Bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O xatırladıb ki, N.Maduro ölkəsində bir sıra cinayətlər törətməkdə günahlandırılırdı, eyni zamanda Vaşinqton onu narkotik ticarətində ittiham edir:

Polkovnik söyləyib ki, vaxtilə Azərbaycana qarşı hərbi cinayətlər törətmiş Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın da həbsi mümkündür:

Azərbaycan istəyər ki, Robert Koçaryan və Serj Sarkisyan qarşı bənzər əməliyyat keçirsin. Amma biz ABŞ, Böyük Britaniya yaxud Fransa deyilik. Azərbaycana qarşı tamam fərqli münasibət sərgilənəcək. Donald Trampın Nikolas Maduronun həbsi üçün təşkil etdiyi əməliyyat bütün beynəlxalq hüquq normalarının ayaqlar altına atılması deməkdir. Ancaq biz eyni zamanda Venesuelada milyonlarla insanın sevindiyinin də şahidi oluruq. Çünki öz xalqı ilə hesablaşmayan bir liderin cəzalandırılması mexanizmi həyata keçirilib”.

Ü.Cəfərov bildirib ki, istənilən halda beynəlxalq hüquq normalarını pozan, cinayət törədən şəxslərin cəzalandırılması vacibdir:

“Bu məsələdə ikili yanaşma var: Vaxtilə Qarabağdan qaçmış keçmiş separatçı lider Vitali Balasanyan ötən həftədən etibarən bəzi bəyanatlar verir. Əlbəttə onu susdurmağın yolları var və lazımdır. Birinci, Ermənistan özü addım atmalıdır. Amma İrəvan bilir ki, Vitali Balasanyan və onun kimilər Rusiyaya bağlıdır və ciddi addımlar ata bilmir. Cinayət törətmiş şəxslər zərərsizləşdirilməlidir və cəzalandırılmalıdır. İkincisi, əgər Ermənistan rəhbərliyi bunu etmirsə, onda Azərbaycamn özü məsələni həll etməlidir”.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli isə qeyd edib ki, S.Sarkisyan və R.Koçaryanın Ermənistanda saxlanılaraq Azərbaycana gətirilməsi tamamilə legitim addım olar:

“Əvvəla qeyd edim ki, Trampın Nikolas Maduro və xanımını qaçırmasını heç bir formada Azərbaycan ərazilərində cinayət aktları həyata keçirmiş insanlarla münasibətdə dəyərləndirmək doğru olmaz. O ki qaldı Azərbaycan ərazilərində cinayət törətmiş şəxslərin ölkəmizə gətirilməsinə, məsələyə ikitərəfli hüquqi kontekstdən yanaşsaq, hər hansı bir dövlətin ərazisində olan şəxslər həmin ölkə ilə Azərbaycana arasında müvafiq hüquqi anlaşmalar olduğu təqdirdə, Azərbaycana təhvil verilə bilər. İndiki şəraitdə söhbət Ermənistandan gedirsə və cinayətkarların ölkəmizə gətirilməsini nəzərdən keçirsək, bununla bağlı əsaslar var. İsrail və dünyanın ayrı-ayrı ölkələrinin təcrübəsində belə addımlar mövcuddur. ABŞ özü də zaman-zaman başqa ölkələrin ərazisində olan şəxslərin həbs edilərək ölkəyə gətirilməsi ilə bağlı əməliyyatlar keçirib. Bu baxımdan, hüquqi zəmində dəyərləndirmələr aparıb, müvafiq qərarlar qəbul etdikdən sonra, ölkə sərhədlərindən kənarda bu qəbildən olan əməliyyatların keçirilməsi tamamilə legitim sayılır”.

Parlament üzvü deyib ki, beynəlxalq hüququn doktrinaları buna imkan verir:

“Bütövlükdə beynəlxalq hüququn müasir doktrinasına görə, dövlətlər öz ərazilərinə və təhlükəsizliklərinə təhdid yarandığı təqdirdə, hansı ölkənin ərazisində olmasından asılı olmayaraq, təhdid yaradan obyektləri sıradan çıxara bilərlər. Eyni zamanda ərazi bütövlüyünə təhdid yaradan şəxslərin həbsi də mümkündür”.

Xatırladaq ki, Azərbaycanın Hərbi Prokurorluğu Robert Koçaryan və Serj Sarkisyanı axtarışa verib. Qurumun 2022-ci il fevral ayında yaydığı açıqlamada bildirilib ki, adıçəkilən şəxslər 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə Xankəndi şəhərinin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçirib, Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu bildirib, azərbaycanlıları işdən qovub, Dağlıq Qarabağdan zorla köçürərək evlərini yandırmağı təbliğ ediblər. Həmin şəxslər qondarma “Dağlıq Qarabağ Respublikası”nın elan olunması barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. /// Yeni Sabah


Sizin reklam burada
Sizin reklam burada