“İrandakı vəziyyətin qeyri-sabitliyi Qərb kəşfiyyat orqanlarının, əsasən MOSSAD, Mərkəzi Kəşfiyyat İdarəsi, Mİ6 casuslarının və NATO ölkələrinin kiber əməliyyat mərkəzlərinin fəal iştirakı ilə həyata keçirilir”.
Bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
Onun sözlərinə görə, məqsəd Rusiyanı regiondakı əsas hərbi-siyasi müttəfiqindən məhrum etmək, Tehranla Moskva arasında hərbi-texniki əməkdaşlığı pozmaq və ən əsası, Qərbin genişmiqyaslı sanksiyaları şəraitində Rusiya iqtisadiyyatının sabit fəaliyyəti üçün çox vacib olan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasının qarşısını almaq məqsədilə İranda çevriliş və hakimiyyət dəyişikliyinə təhrik etməkdir.
Buradan bir neçə sual ortaya çıxır: Əgər ölkəmizin Moskvadan ötrü logistik (tranzit) önəmi artırsa, Bakı ilə münasibətlərində bu, niyə özünü göstərmir? Hər halda vurulan təyyarəmizlə bağlı Rusiyanın davam edən ədalətsiz mövqeyi bu qənaəti yaradır…
Məsələ ilə bağlı siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Rusiyanın İranla münasibətlərini strateji müttəfiqlikdən daha çox keçici və situativ qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq kimi qiymətləndirmək daha doğrudur:
“Çünki Rusiya və İran nə tarixi baxımdan, nə də geosiyasi mahiyyət etibarilə heç vaxt klassik mənada müttəfiq dövlətlər olmayıblar və mövcud şərtlər daxilində bu cür bir müttəfiqliyin formalaşması da real görünmür. Bunun əsas səbəbi tərəflərin maraqlarının bir sıra strateji bölgələrdə bir-biri ilə toqquşmasıdır. Xüsusilə Mərkəzi Asiya, konkret olaraq Özbəkistan, Tacikistan, eləcə də Cənubi Qafqaz regionu Rusiya–İran münasibətlərində potensial rəqabət zonalarıdır. Bu ərazilərdə hər iki tərəf təsir dairəsini genişləndirməyə çalışır və bu da onların uzunmüddətli strateji yaxınlaşmasını məhdudlaşdırır.
Buna baxmayaraq, müəyyən dövrlərdə və konkret beynəlxalq şərtlər daxilində keçici, taktiki tərəfdaşlıq modelləri meydana çıxır. Bu tərəfdaşlıq əsasən ABŞ və Qərbin regional və qlobal təsirinə qarşı balans yaratmaq məqsədi daşıyır”.
Azər Hüseynov qeyd edib ki, lakin Qərbin, xüsusilə də ABŞ-nin Tehranla bağlı əsas hədəfi yalnız İranın zəiflədilməsi və ya rejim dəyişikliyi deyil:
“İran məsələsi daha geniş qlobal strateji konfiqurasiyanın bir hissəsidir. Burada əsas məqsəd qlobal güc mərkəzi kimi Çinin sürətli inkişafının və güclənməsinin qarşısını almaqdır. İranın mümkün şəkildə neytrallaşdırılması və ya transformasiyası bu strategiyanın yalnız vasitəvi elementlərindən biridir.
Eyni zamanda ABŞ Yaxın Şərqdə özünün arzuladığı yeni təhlükəsizlik və siyasi arxitekturanı formalaşdırmaq istəyir. Bu çərçivədə proksi (vasitəçi) qüvvələrin və qeyri-dövlət aktorlarının təsirinin azaldılması əsas hədəflərdən biridir. İranın regiondakı təsir mexanizmləri – istər ideoloji, istər hərbi, istərsə də siyasi müstəvidə – bu strategiya baxımından ciddi maneə kimi qiymətləndirilir. Bu səbəbdən İran təkcə regional aktor kimi deyil, qlobal güclərarası rəqabətin düyün nöqtələrindən biri kimi çıxış edir.
Azərbaycan isə Rusiya üçün daim əhəmiyyət daşıyıb. Sadəcə Azərbaycan istəyir ki, tərəfdaşlıq qarşılıqlı maraqlar üzərində qurulsun, kimsə böyük kimsə kiçik olmasın, bərabər qarşılıqlı hörmət olsun”. /// NOCOMMENT