Son vaxtlar Vəhdət Partiyasında keçirilən seçkilər və bunun ardınca yaranan struktur dəyişiklikləri cəmiyyətin diqqətini çəkib. Yeni rəhbərlik formalaşdıqdan sonra partiya daxilində səlahiyyət bölgüsü, təşkilati məsələlər və ideoloji istiqamət barədə müzakirələr daha da aktuallaşıb.
News365.az xəbər verir ki, məsələ ilə bağlı Baş Məclisin sədri Tahir Kərimli partiyada görülən işlər, mövcud gərginliklər və gələcək planlar barədə danışıb.
Partiyanın Baş Məclisinin sədri Tahir Kərimli bildirib ki, hazırda təşkilatın əsas qərarverici orqanı məhz Baş Məclisdir.
Onun sözlərinə görə, Baş Məclis partiyada ən geniş səlahiyyətlərə malik orqandır:
“Baş Məclis istənilən vəzifəli şəxsi istefaya göndərə, partiyadan xaric edə, eləcə də partiyanın adından deputatlığa namizəd irəli sürə bilər. Bu, qurultaylar arasında icraedici funksiyanı yerinə yetirən kifayət qədər səlahiyyətli mexanizmdir” — deyə Tahir Kərimli bildirib.
Tahir Kərimli partiyada hazırda müəyyən gərginliklərin mövcud olduğunu təsdiqləyib, lakin bunun daxili məsələ olduğunu vurğulayıb:
“Partiyada narahatlıqlar var, çalışırıq daxildə həll edək. Həll edə bilməsək, bunu ictimailəşdirməyə məcbur qalacağıq. Amma ümid edirəm ki, vəziyyət düzələcək” — deyə o qeyd edib.
O, həmçinin partiyanın ideoloji xəttinin qorunmasının vacibliyini vurğulayıb:
“Biz xalq hərəkatından gəlmişik. O vaxt partiyanı çətin şəraitdə qurmuşuq — dağlarda, kəndlərdə, təqiblərlə. Mənim istəyim odur ki, müstəqilliyə sədaqət və azərbaycançılıq xətti qorunub saxlanılsın. Yeni gələnlər bu tarixi və həmin dövrün çətinliklərini bilmirlər”.
Yeni sədrin fəaliyyətinə gəldikdə isə Tahir Kərimli bildirib ki, hələlik partiya daxilində ciddi aktivlik müşahidə olunmur və proseslərin hansı istiqamətə gedəcəyi yaxın vaxtlarda aydınlaşacaq.