Ukrayna-Rusiya cəbhəsində strateji üstünlük Ukrayna tərəfində qalır. Cəbhədə hər iki tərəf itkilər verir, lakin Ukrayna məsafədən döyüş konsepsiyası və dronlardan istifadəsi sayəsində daha az itki verir. ABŞ və Avropa ölkələrinin verdiyi silah və maliyyə dəstəyi də vəziyyətin sabit qalmasına təsir göstərir.
Politoloq Əli Mustafa News365.az-a bildirib ki, Ukrayna-Rusiya cəbhəsində hər iki tərəf itkilər verir, lakin Ukrayna daha az canlı qüvvə itirir.

Onun sözlərinə görə, bu, Ukraynanın məsafədən döyüş konsepsiyası və dronlardan effektiv istifadəsi ilə bağlıdır: “Rusların verdiyi itkilərin 85%-i dronlar vasitəsilə vurulur. Bu baxımdan Ukrayna yeni müharibə strategiyası mənimsəyib”.
Əli Mustafa vurğulayıb ki, ABŞ və Avropa ölkələrinin Ukraynaya verdiyi silah və maliyyə dəstəyi bu sabitliyi qorumağa imkan verir. “Cəbhədə rus hücumları dəf olunur, strateji üstünlük Ukrayna tərəfindədir. Rusiyanın işğal etdiyi ərazilər isə hələ də məhduddur,” – deyə o əlavə edib.
Politoloq həmçinin qeyd edib ki, bu savaş uzunmüddətli və strateji xarakter daşıyır və Rusiya ilə müqavilələrin paralel aparılması cəbhədə vəziyyətə təsir etmir.