Əsgərə gətirilən yeməklər niyə geri qaytarılır? – Rəsmi Açıqlama

Əsgərə gətirilən yeməklər niyə geri qaytarılır? – Rəsmi Açıqlama
12:12

Bakıda yerləşən hərbi hissələrin birində övladını ziyarət etməyə gedən valideyn gətirdiyi ərzaqların içəri buraxılmamasından narazılıq edib. Vətəndaş iddia edib ki, özü ilə apardığı bəzi qida məhsulları elə hərbi hissənin daxilindəki əsgər mağazasında da satılır.

News365.az xəbər verir ki, məsələyə Müdafiə Nazirliyindən rəsmi açıqlama gəlib. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov bildirib ki, hərbi qulluqçular dövlət hesabına, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş xüsusi normativlərə uyğun olaraq tam ərzaq təminatı ilə əhatə olunurlar.

A. Eyvazov qida təhlükəsizliyi məsələsinə toxunaraq xüsusi vurğulayıb:

"Hərbi hissələrin daxilindəki mağazalarda təqdim olunan bütün qida və içki məhsulları Azərbaycan Respublikasının 'Qida təhlükəsizliyi haqqında' Qanununa, həmçinin AQTA-nın təsdiqlədiyi sanitar-gigiyenik normalara tam cavab verir. Məhsulların qəbulu, saxlanması və satışı hərbi hissənin tibb heyəti və məsul şəxsləri tərəfindən daimi nəzarətdə saxlanılır. Bu səbəbdən, ev şəraitində hazırlanan, eləcə də daşınması və saxlanması xüsusi temperatur rejimi tələb edən qidaların hərbi hissə ərazisinə gətirilməsi tövsiyə olunmur."

Müdafiə Nazirliyinin rəsmisi onu da əlavə edib ki, əsgər mağazalarından alış-veriş etmək məcburi deyil, tamamilə könüllüdür və vətəndaşların şəxsi seçiminə bağlıdır.


Sizin reklam burada
Sizin reklam burada