Xəbər verdiyimiz kimi, avqustun 14-də Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində hovuzda su nasosunda sıxılı vəziyyətdə qalan 4 yaşlı Abdullayev Akif Cavid oğlu vəfat edib.
Bununla bağlı iş adamı Emin Ağalarov şəxsi instaqram səhifəsində paylaşım edib:
“Sea Breeze” ərazisindəki akvaparqda baş vermiş faciəvi hadisə nəticəsində bir uşaq həyatını itirib.
Şəxsən öz adımdan və bütün “Sea Breeze” komandasının adından ailəyə ən dərin və səmimi başsağlığı verirəm. Belə bir anda valideynlərin və yaxınların ağrısını yüngülləşdirə biləcək heç bir söz yoxdur.
Hazırda baş verənlərin bütün halları, o cümlədən uşağın hovuzun texniki zonasına – çəpərlərin arxasında su nasoslarının işlədiyi əraziyə necə düşməsinin səbəbləri araşdırılır.
Biz öz tərəfimizdən istintaqa hər cür yardım göstəririk.
Uşaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün həmişə qeyd-şərtsiz prioritet və öhdəlik olub, olaraq qalır. Kurortun bütün zonaları, obyektləri FHN və müvafiq qurumlar tərəfindən mütəmadi olaraq yoxlanılır. Akvapark üçüncü mövsümdür ki, fəaliyyət göstərir və bu müddət ərzində 350 min nəfərdən çox qonağı qəbul edib.
Baş verənlərlə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiləcək.
“Sea Breeze” komandası və şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik”.
