Azərbaycanın regionları boşalır, əhali ancaq Bakı-Abşerona cəmləşir, bu iqtisadi problem olmaqla yanaşı, təhlükəsizliklə bağlı da ciddi suallar yaradır.
Yeni rəsmi rəqəmlər açıqlanıb. Belə ki, 2025-ci ildə Azərbaycan üzrə əhalinin gəlirləri 89 milyard 916 milyon manat olub.
Bakı üzrə əhalinin gəlirləri 55 milyard 649 milyon manat təşkil edib.
Bakı və Sumqayıt xaric Abşeron rayonunda bu rəqəm 4 milyard 959,9 milyon manat olub.
Sumqayıtda əhalinin gəlirləri 2 milyard 932,4 milyon manat təşkil edib.
Mövzu ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 2025-ci ildə əhalinin gəlirləri (maaş, təqaüd, sosial müavinat, icarə gəlirləri, VÖEN-lə işləyənlərin gəliri və s.) 63 mlrd. 540 mln. manat olub. Bir daha xatırladım ki, ölkə üzrə əhalinin gəlirləri 89 milyard 916 milyon manat təşkil edib:
“Yəni, Bakı, Sumqayıt, Abşeronu çıxsan, bu boyda ölkədə əhalinin gəlirləri cəmi 26 mlrd. 379 mln. manat təşkil edib – tək Bakı şəhəri ölkə üzrə əhalinin qazancının 62%-i edir.
Faciəvi vəziyyətdir, ölkə iqtisadiyyatının primitiv, qeyri-effektiv modellə idarə olunduğunun gəstəricisidir – Bakı həm də məhz bu səbəbdən aşırı yüklənib, yaşanılmaz hala gəlib və bu regionlardan Bakı-Abşerona axın edən insanların günahı deyil, yanlış qərarların, idarəetmə sisteminin yaratdığı mənzərədir...”
News365.az