“Azərbaycanda
yeganə azad iqtisadi zona olan Ələt Azad İqtisadi Zonasının rəsmi saytında
yaradılandan bəri Azərbaycan dili versiyası yoxdur. Mən bu məsələni bu gün zonanın nümayəndələrinə
də bildirdim və qeyd etdim ki, bu, sadə görünsə də amma çox vacib bir
çatışmazlıqdır”.
Bunu News365.az-a müsahibəsində
iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, saytın ölkənin doğma dilində versiyasının
olması investisiya mühitinə müsbət təsir edər, zonanın öz imicini gücləndirər,
dövlət dilinə hörmətin göstəricisi olar və ən əsası, yerli sahibkarlar üçün məlumatı
daha əlçatan edər:
“Axı hamının
ingilis dilini bilməsi kimi bir öhdəliyi yoxdur. Üstəlik, qanunvericiliyə görə,
yerli sahibkarlar və KOB-lar da bu zonadan yararlana bilər. Rezidentlərə xidmət
və təchizat göstərə, müqavilə bağlayaraq xammal, avadanlıq, maliyyə və digər
xidmətlər təqdim edə bilirlər. Hətta bunun üçün üstünlüklər də mövcuddur. Yəni
bu zona təkcə xarici investorlar üçün deyil, Azərbaycan sahibkarları üçün də
imkanlar açır.
Bir azad
iqtisadi zona doğru idarə edilərsə ölkə iqtisadiyyatına nələr verə biləcəyini
bildiyim üçün Ələtdə bu zona yaranarkən ən çox sevinənlərdən biri mən idim. Hətta
dəhlizlərlə bağlı kitabımda bu zonaya da yer vermişdim.
Etiraf edim
ki, sayt da kifayət qədər funksional hazırlanıb. Amma dil seçimi
çatışmazlığının aradan qaldırılması çox vacibdir. Elə bu səbəbə görə hətta
Asiyadan tutmuş Avropaya qədər hansı ölkələrin azad iqtisadi zonasının saytına
daxil olsaq, öz doğma dillərində versiyasını görə bilərik. Ümid edirəm ki,
yaxın vaxtlarda ƏAİZ saytını da Azərbaycan dilində də görəcəyik”.
News365.az