"Azərbaycanda uzun müddətdir ki, bazarda keyfiyyətsiz qızıllar və daş-qaşlar mövcuddur. Bunun əsas səbəbi illər boyu fəaliyyət göstərmiş Əyyar Palatasının artıq 10 ildir bağlanması və sahənin tam nəzarətsiz qalmasıdır".
Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov News365.az-a açıqlamasında deyib. O, bildirib ki, çox yaxşı haldır ki, bu ilin fevralından İqtisadiyyat Nazirliyi tərkibində fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi prezidentə tabe olan bir quruma çevrilib:
"Bu agentliyin əsasnaməsində var ki, bu sahələr nəzarətə götürülsün və artıq müəyyən işlər aparılır. Artıq Əyyar Palatasına oxşar bir qurumun yaradılması da nəzərdə tutulub, onun əsasnaməsi var. Təəssüf ki, rəhbərlik hələ müəyyən olunmayıb. Düşünürəm ki, bu vəziyyət dəyişəcək”.
O əlavə edib ki, bazarda keyfiyyətsiz qızıl və daş-qaşlar çoxdur.
"Buna görə müasir laboratoriyaların yaradılması, şəffaflığın təmin olunması vacibdir ki, istehlakçılar aldadılmasın. Nazirlər Kabinetinin 114 saylı qərarında qızıl və daş-qaşların geri qaytarılmaması kimi istehlakçıya zərərli maddələr çıxarılmalıdır. Əgər qızıl məmulatları istehlakçıların tələbatını ödəmirsə, dəyişdirilməli və qaytarılmalıdır. Təəssüf ki, bu məsələlər hələ də həll olunmayıb”, – deyə Eyyub Hüseynov bildirib.