"Allah səni bizə çox görməsin".
- Allah hər şeyi qaydasında görür. Olduğundan artıq, yada əskik görmür. Bu ifadə adi bir deyim olsa da mahiyyəti etibarı ilə küfr ifadə edir. Sanki Allah da (haşa, nəuzubullah!) tamahkar məmur kimi kimdə nəyi çox görürsə əlindən alır, ona görə də deyirlər ki, "çox görməsin".
"Allah səni qorusun, hifz etsin, bərəkət versin..." kimi ifadələrdən istifadə etmək lazımdır.
Bir toyda masabəyi guya bəy-gəlinə xeyir-dua verirdi: "Şərdən-xatadan uzaq olasınız, Allah sizi tanımasın..." Burada da Allahı yalnız öldürən, can alan obrazında təqdim etməyi görürük ki, bu da küfrdür.
"Bu günə şükür"... O da yanlış ifadədir. İl, ay, gün Allahın müəyyən etdiyi zaman kəsimidir. Günə yox, o günü bəxş edənə, Allaha şükr etmək lazımdır. "Bu xoş günün sahibinə şükr", "Bu günü bizə bəxş edən Allaha şükür" deyilməlidir.
Bəzən də dua edərkən Allahı and verirlər: "Səni and verirəm filankəsə yaxud izzət - cəlalına..."
Sanki belə çıxır ki, and verməsən verməyəcək, and versən ürəyi yumşalıb verəcək. Adətən and o mənbəyə verilir ki, qəddardır, xəsisdir, anlamır, istəyəndə çətinliklə verir. Allah isə mərhəmətli, səxavətlidir. Əgər dua edənin istədiyi onun xeyrinədirsə and verməsə də ona o neməti bəxş edəcək. Yox, zərərinədirsə 124 min peyğəmbərə də and versə, verməyəcək. Çünki Allahın fəaliyyəti ilahi hikmətə, kamil kainat nizamına və ədalətə əsaslanır.
"Allah sənin qədrini bilsin." Bəzən birinə xeyir-dua verəndə bu deyimi də eşitmişəm. Hətta mənim özümə də deyiblər. Demişəm, çox sağ olun, Allah qədirbiləndir.
"Allah mənim ömrümdən kəssin, sənin ömrünə calasın." Bu da yanlışdır. Allahın ömür xəzinələri məhdud deyil. Kiminsə ömrünü uzatmaq üçün digərinin ömrünü kəsməyə ehtiyac yoxdur. Demək lazımdır ki, Allah sənin ömrünü uzun və bərəkətli etsin.
Qeyd: Rəvayətə görə Həzrət Muhəmməd Peyğəmbər bir müddət sevimli səhabəsi Əbu Zərri cəmiyyət arasında görmədi. Narahat olub onu soruşdu. Xəstələndiyini öyrənib yanına getdi. Səbəbini soruşduqda Əbu Zərr dedi, Ya Rəsulullah, Allaha dua etdim ki, günahlarıma görə o dünyada nə cəza verəcəksənsə bu dünyada ver, ora saxlama... Və xəstələndim, indi neçə gündür bu haldayam. Həzrət Peyğəmbər buyurdu ki, nahaq o cür dua etmisən. Allahın mərhəməti genişdir və günahları əfv edəndir. Gərək deyəydin, o dünyada da bu dünyadada nə cəza verəcəksənsə hamısını bağışla. Beləcə dua etdilər o şifa tapdı...
Odur ki, Allaha səmimi, qaydalara uyğun dua etmək lazımdır. Yaradandan istənilən, bəşərdən istənilən kimi deyil. İnsan övladının xarakteri ilə Allahın xüsusiyyətləri müqayisə olunmaz. Hər şeyə Qadirdir, Mülayimdir, Səxavətlidir, Alimdir.
Bir savaşdan qayıdanda əshabının uca səslə, bağıraraq təkbir gətirib dua etdiyini görüb onları dərhal saxladı. Buyurdu ki, siz nə kar nə də burada olmayan Xaliqə dua edirsiniz. O, Eşidən, Görən və hər şeyi Biləndir. Sakit səslə ifadə edin, o sizi duyur, eşidir...
Tural İrfan, dinşünas