Bu şüşəni sındırmaqdan çəkinin!..- Tural İrfan yazır

Bu şüşəni sındırmaqdan çəkinin!..- Tural İrfan yazır
09:24
Ariflər qeyd edir ki, möminin qəlbini qırmaq 70 dəfə Kəbəni yıxmaqdan daha ağır günahdır. Həzrət Muhəmməd Peyğəmbərdən nəql edilən hədislərdə möminin Allah qatındakı hörməti Kəbənin hörmətindən üstün təsnif olunub. Kəbə Həzrət İbrahim tərəfindən Allahın adına tikilmiş daş evdir. Lakin insanın qəlbi isə birbaşa Allah tərəfindən inşa edilib. Bu mənada qəlb Allahın evidir. Odur ki, qəlb sındırmaq Allahın evini yıxmaq kimidir...
Əllamə Tehrani deyirdi ki, mümkündür, insan 40 illik ibadətini bircə qəlb sındırmaqla məhv etsin.
Hər cümə günü namazından qalmayan, alnı səcdədən qaysaq bağlamış bəzilərinin sosial şəbəkələrdə yazdıqları təhqirlərə, söyüşlərə, insanların qəlbini sındırmasına baxanda etdikləri ibadətin hədər olmasına adamın heyfi gəlir. Onların ibadəti aşsüzənlə su daşımağa bənzəyir. Buradan namaz qıl, oradan da söyüş- təhqir, qəlb sındırmaqla etdiyin əməli zay et. İblis də Allaha uzun müddət ibadət etmişdi, lakin bircə dəfə üsyan etməklə ömürlük lənətə düçar oldu. İlahi nizam ədalət və hikmətə əsaslanır. Zərrə qədər artıq - əksiklik olmaz.
Namaz qılanda öndən keçənlər mane olmasın deyə sütrə adlanan hər hansı əşyanı dik olaraq qarşıya qoymaq müstəhəbdir. Yaxud bəzi təriqətlərdə torpaqdan möhür hazırlanıb səcdə zamanı alın onun üzərinə qoyulur. Lakin müqəddəs olan, pərəstiş obyekti olan sütrə və ya möhür deyildir. Pərəstiş mənbəyi Allahdır. Sütrə və ya möhür ibadətin doğru olması üçün vasitə, əlamətdir. Kəbə, Qara Daş, İbrahim Məqamı da bu mənada nişangahlar, simvollardır. Yoxsa insanlar Kəbəni təvaf etməklə daşa sitayiş etmiş deyillər. Əsas olan Allah və Allaha sadiq, vəfadar olan insanın qəlbidir. Daş da, qaya da, təvaf da qəlbin saflaşması üçün vasitələr, ibadətlərin icrasına kömək üçündür. Şeytana daş atmaq məcazidir. Yoxsa şeytan hər il tayfasını da götürüb Məkkədə gözləmir ki, gəlib onu daşa bassınlar. İnsan içindəki şeytanı, daxilindəki xəbislikləri, stresi, qəzəbi, kini daşa çevirib rəmzi mənada obraz verdiyi şeytana, onun simvoluna atmalıdır ki, qəlbini Allahdan başqası üçün boşaltsın, paklasın. Çünki qəlb sırf Allaha məxsusdur. Onun əsl evi daş məbədlər, uca minarələr deyil, möminin qəlbidir. Allahın evə ehtiyacı yoxdur. Məscidlər Allahın yox, insanların ibadət evidir.
Allah üçün əhəmiyyətli olan daş, qaya, uca binalar deyil, əməlisaleh bəndəsinin saf qəlbidir. Odur ki, Allahın nəzər etdiyi bir şüşəni sındırmaqdan çəkinin...
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada