Çinin ən böyük daşınmaz əmlak operatoru olan “Country Garden Services Holdings” şirkəti təmizlik işçilərini kütləvi şəkildə robotlarla əvəz etməyə başlayıb.
News365.az xəbər verir ki, bu barədə “Caixin Global” nəşri məlumat yayıb.
Bildirilir ki, yaşayış binalarını təmizləyən robotların istehsalı işçi heyətinə çəkilən xərcləri azaltmaq məqsədilə başladılıb. Hazırda binaların təmizlənməsi şirkətin bütün xərclərinin təxminən 70 faizini əhatə edir. İndiyədək Çinin böyük şəhərlərində 130 belə robot istifadəyə verilib. İlin sonunadək daha 1000 robotun istehsal edilməsi planlaşdırılır.
Bu robotlar sərbəst şəkildə döşəmələri yumaq, lifti idarə etmək, maneələrdən yayınmaq və şarj stansiyalarına qayıtmaq funksiyalarına malik olacaq. Bir il ərzində onların istehsal həcmi 10 min ədədə çatdırıla bilər.
Layihə uğurlu olarsa, bunun daşınmaz əmlak bazarının digər operatorlarına da təklif edilməsi planlaşdırılır.