Müraciətlərin təhlili onu göstərir ki, vətəndaşlarımızın bir hissəsi xarici ölkələrdə təhsil alarkən aidiyyəti qurum tərəfindən yerli akkreditasiyadan keçməyən və müvafiq dövlət lisenziyası olmayan təhsil müəssisələrində təhsil alır.
News365.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) yaydığı məlumatda deyilib.
Diplomları tanınmayan universitetlərin siyahısı ilə bu keçiddən tanış olmaq mümkündür.
Eyni zamanda bildirilib ki, xaricdə əldə olunan kvalifikasiyaların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün TKTA-ya edilən müraciətlərin ekspertizası nəticəsində Qaydaların 4-cü maddəsində qeyd olunan tanınma üzrə ümumi tələblərə cavab verməyən və ən çox imtina alan universitetlərin siyahısı müəyyən olunub.
Siyahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə etməkdədir.
Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri aşağıdakılardır:
Akkreditasiyasız ali təhsil müəssisəsi;
Təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması;
Dövlət nümunəli olmayan diplom;
Təhsil forması;
Tədris yükünün normativdən az olması;
Həmçinin bildirilib ki, oktyabr ayı üzrə 665 müraciətçinin 540-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 101, Dövlət nümunəli olmayan diplom səbəbilə 14, təhsil forması səbəbilə 5, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 1, ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə 1, qısaldılmış proqram səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 208, Rusiya Federasiyasından 203, Türkiyə Respublikasından 135, Belarus Respublikasından 41, Gürcüstandan 25, Birləşmiş Krallıqdan 12, Amerika Birləşmiş Ştatlarından 9, Almaniya Federativ Respublikasından 5, Qazaxıstan Respublikasından 3, Çin Xalq Respublikasından 3, İtaliya Respublikasından 3, Macarıstandan 3, İspaniya Krallığından 2, İsveç Krallığından 2, İran İslam Respublikasından 1, Kanadadan 1, Şimali Kipr Türk Respublikasından 1, Koreya Respublikasından 1, Latviya Respublikasından 1, Litva Respublikasından 1, Misir Ərəb Respublikasından 1, Özbəkistan Respublikasından 1, Pakistan İslam Respublikasından 1, Qırğız Respublikasından müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 129, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 66, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 35, biznesin idarə edilməsi üzrə 28, iqtisadiyyat üzrə 28 müraciət qeydə alınıb.
Xarici ölkələrdə təhsil almaq istəyən vətəndaşlarımıza seçdikləri ali təhsil müəssisəsinin yerli akkreditasiyasının və lisenziyasının olmasını bu keçiddən istifadə etməklə yoxlamalarını, eləcə də TKTA-ya edilən müraciətlər əsasında tərtib edilən ən çox imtina almış universitetlərə xüsusi diqqət yetirmələrini tövsiyə edirik.
Qeyd edək ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
Sözügedən Qaydaların 4-cü maddəsinin 4.1.1-ci yarımbəndi (müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması) tanınma üçün başlıca şərtlərdəndir.