Ancelina Coli və Bred Pitt arasındakı çoxillik müharibə qarşılıqlı ittihamların yeni mərhələsinə qədəm qoyub.
Bu dəfə mətbuatda müzakirə dalğasına səbəb olan hadisə — onların 21 yaşlı qızı Zaxaranın "Spelman" kollecindən məzun olması olub.
Mətbuata dərhal Coli tərəfindən şayiələr sızıb ki, guya Pitt qızını təbrik etmək üçün heç zəng də vurmayıb. Lakin 62 yaşlı aktyorun ətrafı "Daily Mail" nəşrinə vəziyyətin pərdəarxası məqamlarını açaraq Ancelinanı uşaqları atalarından və onun qohumlarından tamamilə "özgələşdirməkdə" ittiham edib.
Absurd ittihamlar: "Əvvəl uzaqlaşdırır, sonra isə şikayətlənir"
Pittə yaxın mənbələr Colinin onu "övladlarının yanında olmayan ata" kimi qələmə verməsindən qəzəblənirlər. İnsayderlərdən biri bildirib: "Sən illərlə onu uşaqlardan təcrid etmək üçün əlindən gələni etdikdən sonra, sağlam düşüncəli heç bir kəs onun uşaqlarla yaxın olmamasından şikayətlənməz".
Dostlarının sözlərinə görə, Bred və onun ailəsi illərdir ünsiyyət qurmağa cəhd ediblər. Uşaqların uşaqlıqda yaxın dostluq etdikləri Pitt tərəfdən olan əmioğluları və xalaoğluları da ünsiyyətdən tamamilə məhrum ediliblər.
Bu qarşıdurmanın ən ağrılı detalı isə Bredin anası Ceyn Etta Pittin ötən il 84 yaşında vəfat etməsi barədə xəbər olub. Mənbələrin iddia etdiyinə görə, Ancelinanın sərt mövqeyi ucbatından nənə ömrünün son doqquz ili ərzində 6 nəvəsi ilə ünsiyyət imkanından tamamilə məhrum edilib və onlarla xudahafizləşə bilmədən dünyasını dəyişib.
Aktyorun dostları hisslərini belə bölüşüblər: "Ən çox ürək ağrıdan məqam odur ki, Ancelina uşaqları onun valideynlərindən, yəni öz nənə və babalarından uzaq tutub. Bredin və hamımızın verdiyi sual budur: “Ancelina, bəs sənin qəlbin haradadır? Ömrünün sonuna qədər kinli və qisasçı olaraq qalacaqsan? Yaxşı, sən ünsiyyət istəmirsən, bəs uşaqların bura nə dəxli var?'".
Uşaqların şüuru üzərində mütləq nəzarət
Bu günə qədər cütlüyün artıq dörd övladı — Meddoks (24), Zaxara (21), Şaylo (20) ve Vivyen (17) rəsmi və ya ictimai şəkildə "Pitt" soyadından imtina edərək yalnız "Coli" soyadını saxlayıblar. Aktyorun ətrafı əmindir ki, bu, ananın illərlə apardığı "təbliğatın" nəticəsidir.
Coli uşaqları özünün "ən yaxın dostları"na çevirib və onların əhatəsini tam nəzarətdə saxlayır. İnsayderlər iddia edirlər ki, o, uşaqların beyninə Bredin bir "div" (bədheybət) olduğu fikrini yeridib. Mənbə izah edir: "Onlar artıq böyüyüblər və özləri qərar verə bilərlər, lakin erkən uşaqlıqdan sənə eyni şeyi təkrarlayanda, bunu bir anda unutmaq qeyri-mümkündür".
Xatırladaq ki, cütlük 2016-cı ildə şəxsi təyyarədə baş verən və Pittin qəddar davranışda ittiham olunduğu qalmaqallı insidentdən sonra ayrılıb. FTB heç bir ittiham irəli sürmədən işi bağlayıb, aktyorun özü isə davranışının ideal olmadığını etiraf etsə də, tam məsuliyyəti üzərinə götürərək "ağlını başına yığdığını" bildirib.
Coli tərəfi isə öz iddiasında israrlıdır: "Bred özünü qurban kimi qələmə verir. Lakin onun uşaqlarla korlanmış münasibətləri onlarla necə rəftar etməsinin birbaşa nəticəsidir".
Dostlarının sözlərinə görə, Bred Pittin özü isə çarəsiz vəziyyətdədir və baş verənləri "bəd zarafat" kimi qəbul edir. O, hazırda gücsüz olduğunu anlayır, lakin uşaqlar nə vaxtsa onu öz həyatlarına qaytarmaq istəsələr, hər an onların yanında olmağa hazırdır.

