Kamyunun "Yad"ından Lütfi Zadə məntiqinə: Qanunlar niyə ürəksizdir?

Kamyunun "Yad"ından Lütfi Zadə məntiqinə: Qanunlar niyə ürəksizdir?
15:22

Alber Kamyunun “Yad” romanında qəhrəman Mörso mütləq biganəliyin simvoludur. Onun anasını qocalar evinə tapşırması, dəfn gecəsi isə heç nə olmamış kimi sevgilisi ilə kinoteatra yollanması oxucunu daxilən sarsıdır. Lakin bu sarsıntı ən pik həddinə məhkəmə zalında çatır. Hakim yad adamı törətdiyi konkret qətl hadisəsinə görə deyil, məhz bu "soyuqqanlı" vərdişlərinə və xarakterinə görə ittiham etməyə başlayır.

Elə bu məqamda vəkilin fəlsəfi etirazı eşidilir: "Siz müttəhimi konkret cinayətə görə mühakimə etmirsiniz, siz onun xarakterini ittiham edirsiniz!"

Həqiqətən də, qanunun ürəyi olmur. Onun məntiqi qeyri-səlis deyil, riyazi dərəcədə sərtdir. Qanun Lütfi Zadənin sonsuz rəng çalarları ilə deyil, Aristotelin ağ-qara məntiqi ilə düşünür. Çünki qanunun ürəyi yox, yalnız soyuq bir beyni var.

Səlis məntiq idarəetmənin qətiyyətli sükanı, qeyri-səlis məntiq isə hisslərlə idarə olunmağın incə sənətidir. Qanun diqtə edir, o, yalnız mütləq itaət tələb edir. Lakin bu "tələb" yalnız rəsmiyyətdən ibarət olmayanda, onun içində insan amili – yəni ürək də döyünməyə başlayır. Ürək isə qeyri-səlis məntiqin doğma limanıdır.

Buradan çıxan əsas nəticə budur: qanunlara yalnız kor-koranə deyil, həm də ürəklə, daxili vicdanla əməl etmək lazımdır. Səlis qaydalarla qeyri-səlis duyğuları şəffaf bir sərhədlə birləşdirmək mümkündür.

Bu sərhəd isə çərçivədir. Paradoksal olsa da, çərçivə insanın azadlığı üçündür. Çünki sərhədsiz və çərçivəsiz azadlıq xaosdan, avara ruhdan başqa bir şey deyil. Çərçivə – o ürəksiz qanunun özüdür.

Uilyam Folkner, Kamyu vafat edəndə onun haqqında çox səmimi bir nekroloq yazmışdı. Həmin xatirədə deyilir: "Həyat qapısı onun arxasınca əbədilik örtüləndə, o, zəifləməkdə olan titrək əli ilə qapının üzərində hər bir sənətkarın can atdığı o cümləni yaza bildi: 'Mən bu dünyada olmuşam'."

İstər cəmiyyətə yad ol, istərsə də doğma; idarə olunmaqda isti bir ürək, idarəetmədə isə soyuq beyin lazımdır. "Bu dünyada olmuşam" deməyin ən doğru yolu da elə bu tarazlıqdan keçir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada