Tanınmış
yazıçı Aqşin Yenisey özünün sosial səhifəsində
cəmiyyətimizin tənqidə olan allergiyasından yazıb. Və hər bir vicdanlı şəxsi
düşündürən və narahat edən məqamlara toxunub.
Paylaşımdakı
haqlı fikirləri nəzərə alaraq olduğu kimi təqdim edirik:
“Dini tənqid
etmə! Çünki ölkə özünü Allahla, peyğəmbərlə eyniləşdirən eqositlərlə doludur.
Bürokratiyanı
tənqid etmə! Çünki şəxsiyyətini vəzifəsiylə eyniləşdirən bürokratların ölkəsində
yaşayırsan.
Mentaliteti
tənqid etmə! Çünki repertuarını xalqla eyniləşdirib çörək, şöhrət qazananların
pətəyinə çubuq soxmuş olacaqsan.
"Broyler
qadınları" tənqid etmə! Çünki varlığını cinsiyyəti ilə eyniləşdirən
sekulyar sekta qəzəblənəcək.
Bir sözlə,
heç bir şeyi tənqid etmə!
Tənqid cəmiyyətdə
artıq təhqir kimi qələmə verilir. Çünki təhqir cəzalandırmaq sərbəstliyi verir.
Cərimələrdən şikayət edən cəmiyyət özü də addımbaşı tənqidi düşüncəni cərimələyir,
cəzalandırır. Tənqidi düşüncənin olmadığı toplumda istənilən eybəcərliyi
legitimləşdirmək mümkündür. Məsələn, illər əvvəl rüşvəti "ailə
saxlamaq" adıyla legitimləşdirdik.
Bu
yaxınlarda bir görüntü yayıldı: Avtobus sürücüsü ərköyün sərnişinlərindən küsüb
avtobusu yolun ortasında saxlayaraq gedib bir qıraqda siqaret çəkirdi.
O görüntü, əslində,
cəmiyyətin görüntüsü idi. O sürücü günümüzün Kefli İsgəndəri idi. Cəmiyyət də
istəyir ki, ona sürücülük edənləri küsdürüb sıradan çıxarsın. Sosial mühəndislik
üçün misilsiz imkanlar yaradan sosial şəbəkələr bizdə yalnız tənqidi düşüncəni
daş-qalaq etmək lazım gəldikdə çalxalanır.
Çünki tənqidi
düşüncə beynimizdə şeytanla kodlaşdırılıb. Şeytan isə qovulmalıdır.
Bizim isə bu
gün Allahdan çox şeytana ehtiyacımız var!”
News365.az