Böyük Britaniyanın İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH/IRGC) qarşı qəbul etdiyi son qərar Londonun Yaxın Şərq siyasətində növbəti sanksiya addımı deyil.
Bu qərar Avropada dövlət tərəfindən idarə olunan gizli şəbəkələrə, vasitəçi qruplara və sifarişli zorakılıq mexanizmlərinə qarşı formalaşan tamamilə yeni təhlükəsizlik doktrinasının mühüm tərkib hissəsidir.
Britaniya hökuməti SEPAH-ı və onunla əlaqəli olduğu iddia edilən “Islamic Movement of Companions of the Right” qrupunu dövlət təhdidləri mexanizmi çərçivəsində qadağan olunmuş strukturlar siyahısına daxil edib. Parlamentin təsdiqindən sonra bu qurumlara dəstək vermək, onların adından fəaliyyət göstərmək və ya onlarla maliyyə əlaqəsi qurmaq birbaşa cinayət məsuliyyəti yaradacaq.
Hüquqi boşluq necə doldurulur?
Burada mühüm bir hüquqi fərq var: London SEPAH-ı yalnız ənənəvi "Terrorizm Aktı" əsasında terror təşkilatı elan etməklə kifayətlənməyib. Çünki klassik terror qanunvericiliyi əsasən qeyri-dövlət subyektlərinə qarşı hazırlanıb. SEPAH isə İranın rəsmi hərbi-siyasi institutudur. Yeni mexanizm məhz rəsmi dövlət strukturlarının yerli kriminal qruplar və vasitəçilər üzərindən həyata keçirdiyi gizli əməliyyatları hədəf alır və hüquqi boşluğu aradan qaldırır.
Londonun mövqeyinə görə, xarici dövlətlər artıq öz əməkdaşlarını birbaşa əməliyyata göndərmək əvəzinə, yerli cinayətkar şəbəkələrdən, muzdlulardan və ideoloji tərəfdarlardan istifadə edirlər. Britaniyanın bu addımı belə fəaliyyətləri “adi kriminal hadisə” kimi deyil, xarici dövlət tərəfindən yönləndirilən milli təhlükəsizlik təhdidi kimi qiymətləndirməyə imkan verir.
Qərarın arxasındakı hadisələr
Rəsmi London SEPAH-ın fəaliyyətləri arasında insan həyatına təhdid, sabotaj və İran hakimiyyətini tənqid edən şəxslərə qarşı əməliyyat hazırlıqlarının olduğunu bildirir. Qərarın qəbul edilməsini sürətləndirən əsas hadisələrdən biri də Londonda yəhudi icmasına məxsus təcili yardım avtomobillərinin yandırılması və İsraillə əlaqəli obyektlərə hücumlar olub. Britaniya tərəfi iddia edir ki, bütün bu proseslərin arxasında birbaşa görünmədən hərəkət edən SEPAH dayanıb.
Avropanın təhlükəsizlik xəritəsi dəyişir
İndiyə qədər Avropa dövlətlərinin İran siyasəti əsasən nüvə proqramı, insan hüquqları və Rusiya ilə hərbi əməkdaşlıq çərçivəsində qurulurdu. İndi isə dördüncü və ən sərt istiqamət – İranın Avropa daxilindəki hibrid fəaliyyətlərinin qarşısının alınması mexanizmi işə düşür.
Eyni mexanizm çərçivəsində Rusiya hərbi kəşfiyyatının (GRU) könüllü strukturlarından birinin də hədəfə alınması göstərir ki, London İran və Rusiyanın gizli fəaliyyətlərini eyni təhlükəsizlik kateqoriyasında nəzərdən keçirir. Britaniyanın yeni yanaşmasına görə, müasir qarşıdurma artıq yalnız ordular vasitəsilə deyil, həm də kibermüdaxilə, sabotaj, dezinformasiya və yerli kriminal şəbəkələrin səfərbər edilməsi ilə aparılır.