Həkim-gigiyenistdən xəbərdarlıq: Uşaq məhsulu alarkən bunlara diqqət edin!

Həkim-gigiyenistdən xəbərdarlıq: Uşaq məhsulu alarkən bunlara diqqət edin!
15:39

Valideynlərin uşaqlar üçün kosmetik və gigiyenik məhsullar seçərkən son dərəcə diqqətli olması vacibdir. Çünki uşaq dərisi böyüklərə nisbətən qat-qat həssasdır və tərkibindəki zərərli maddələri dərhal canına çəkir.

Mövzu ilə bağlı News365.az-a danışan Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin şöbə həkimi, həkim-gigiyenist Orxan İsmayılov uşaq məhsullarının təhlükəsizliyi ilə bağlı ciddi məqamlara toxunub.

Həkim bildirib ki, uşaqlar üçün nəzərdə tutulan vasitələrin tərkibi xüsusi laboratoriya şəraitində ciddi yoxlanışlardan keçməlidir:

"Uşaq dərisinin həssaslığını nəzərə alaraq, bu kateqoriyaya aid məhsullara qarşı tələblər olduqca sərtdir. İlk növbədə məhsulların kimyəvi tərkibinə nəzarət olunmalıdır. Ağır metallar, istifadəsi qadağan olunmuş kimyəvi maddələr və parabenlər uşaq məhsullarında qətiyyən yer almamalıdır. Eyni zamanda, mikrobioloji göstəricilər də ciddi nəzarətdə saxlanılır. Məhsulun tərkibində hər hansı zərərli mikroorqanizmin aşkarlanması yolverilməzdir".

Etiketdə nələrə diqqət edilməlidir?

Orxan İsmayılov valideynlərə alacaqları məhsulların etiketini mütləq oxumağı tövsiyə edib:

"Məhsulun üzərində onun hansı yaş qrupu (məsələn, 0-3 yaş və ya daha yuxarı) üçün nəzərdə tutulduğu aydın şəkildə yazılmalıdır. Bundan əlavə, həmin vasitələrin mütləq böyüklərin nəzarəti altında istifadə edilməsinə dair xüsusi xəbərdarlıq qeydləri də qablaşdırma üzərində əksini tapmalıdır".


Sizin reklam burada
Sizin reklam burada