ABŞ rəsmi Tehranın qlobal neft daşımalarındakı əsas rıçaqını – Hörmüz boğazı üzərindəki təsirini minimuma endirmək üçün yeni və strateji gedişə hazırlaşır. Vaşinqton hərbi qarşıdurmadan kənar müstəvidə də İrana ciddi iqtisadi ziyan vurmaq niyyətindədir.
Bu məqsədlə İraqdan Suriyaya uzanan və Hörmüz boğazından yan keçən boru kəmərinin tikintisi ilə bağlı pərdəarxası danışıqlar başlayıb. ABŞ-nin əsas hədəfi İraqın şimalındakı neft yataqlarını Suriyanın Baniyas limanına birləşdirən, 800 kilometr uzunluğunda olan və 20 ildən çoxdur fəaliyyət göstərməyən Kərkük-Baniyas boru kəmərinin bərpasıdır.
Məlumata görə, ABŞ-nin Suriya və İraq üzrə xüsusi elçisi Tomas Barrak artıq İraq və Suriya rəsmiləri, o cümlədən Amerikanın nəhəng neft şirkəti "Chevron"un nümayəndələri ilə bu layihəni müzakirə edib.
20 il əvvəl sıradan çıxan kəmər yenidən dirçəlir
Qeyd edək ki, 1952-ci ildə istifadəyə verilən və gündəlik 300 min barrel neft daşıma gücü olan Kərkük-Baniyas boru kəmərinin tarixi gərgindir. Kəmər 1980-ci illərdə İran-İraq müharibəsi səbəbindən bağlanıb, 2000-ci ildə fəaliyyəti qısamüddətli bərpa edilsə də, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı infrastrukturuna dəyən ağır ziyan nəticəsində tamamilə sıradan çıxıb.

Mövzu ilə bağlı
"Hörmüz boğazı ətrafında vəziyyət yenidən gərginləşir və bu problemin orta perspektivdə də davam edəcəyi gözlənilir. Belə bir məqamda enerji daşıyıcılarının dünya bazarına alternativ marşrutlarla çıxarılması aktuallaşır. Kərkük-Baniyas kəmərinin bərpası tamamilə real variantdır. Kəmərin müəyyən hissələrini modernizasiya etmək, yeni nasos stansiyaları quraşdırmaqla İraq neftini Suriya sahillərindən Aralıq dənizinə və oradan da Avropaya nəql etmək mümkündür".
Ekspertin fikrincə, yaxın gələcəkdə həm Hind okeanı, həm də Avropa istiqamətində bu cür alternativ layihələrin sayı getdikcə artacaq və bu, regional güclərin neft xəritəsini tamamilə dəyişəcək.